2023-cü il dövlət büdcəsi xalqımızın firavan və təhlükəsiz həyatını təmin etməyə imkan verəcək – Komitə sədri

Bakı. Trend:

Bu gün geniş müzakirə edilən Azərbaycan Respublikasının 2023-cü
ilin dövlət və icmal büdcəsi haqqında qanun layihəsi yüksək
peşəkarlıqla hazırlanmış qanun layihəsidir. Hesab edirəm ki, bu
qanunun qəbulu 2023-cü ildə də müstəqilliyimizin daha da
möhkəmlənməsini və xalqımızın firavan və təhlükəsiz həyatını təmin
etməyə imkan verəcəkdir.

Bunu Trend-ə Milli
Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

O qeyd edib ki, qanun layihəsində Ermənistanın 30 ilə yaxın
işğalından sonra azad edilmiş Şərqi Zəngəzura və Qarabağa Böyük
Qayıdış, Qalib və şanlı Silahlı qüvvələrimizin daha da
gücləndirilməsi, əhalinin sosial müdafiəsinin təmin edilməsi, elm
və təhsilin inkişafı əsas prioritetlər kimi müəyyən edilmişdir.
Milli Məclisdə qanun layihəsi müzakirə edilərkən bu məsələlərə
böyük diqqət yetirilmiş və onun əhəmiyyəti qeyd edilmişdir.

“Əlbəttə, hər bir vətəndaşın daha yaxşı, keyfiyyətli həyatının
təmin edilməsi qanun layihəsində qırmızı xətlə keçir. Bunu təmin
etmək, müstəqilliyimizi möhkəmləndirmək üçün Böyük Qayıdışın qısa
zamanda həyata keçirilməsi dövlətin qarşısında dayanan taleyüklü
strateji məsələdir.

Vaxtı ilə Ulu öndər Heydər Əliyev məcburi köçkünlərlə hər bir
görüşündə əminliklə deyirdi ki, biz bir qarış torpağımızı da heç
kimə verməyəcəyik, doğma torpaqlarımızı işğaldan azad edəcəyik və
biz o yerlərə mütləq qayıdacağıq.

Burada 2003-cü ilin 15 oktyabr prezident seçkiləri ərəfəsində
Ümummilli lider Heydər Əliyevin yaddaşamıza əbədi həkk olunan
Azərbaycan vətəndaşlarına ünvanlandığı 1 oktyabr 2003-cü il tarixli
müraciətindəki bir fikri xatırlatmaq istərdim.

Ulu öndər Heydər Əliyev xalqa müraciət edərək demişdi: “…Üzümü
Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident
seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni
Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya
siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də
Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin
inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər.
İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa
çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm”.

Bəli, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata
keçirdiyi uğurlu siyasət və 44 günlük Vətən müharibəsində qazanılan
tarixi qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə “İşğaldan azad olunmuş
ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin təmin edilməsi məqsədi
ilə, deyərdim ki, mühüm tarixi və iqtisadi-siyasi əhəmiyyət kəsb
edən sənəd – “Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” hazırlandı və
təsdiq edildi. Cəmiyyətimiz tərəfindən bu sənəd yüksək
qiymətləndirilir. Hesab edirik ki, bu Dövlət Proqramının həyata
keçirilməsi ümumxalq işinə çevrilməli, hər bir iş adamı, vətəndaş
bu işə öz layiqli töhfəsini verməlidir.

Hesab edirəm ki, bu sənəd həm də bizə dost münasibət bəsləməyən
dairələrə dövlətin, xalqın Böyük Qayıdış əzminin və sarsılmaz
iradəsinin ifadəsidir.

Nəzərə almaq lazımdır ki, bu günlərdə mətbuatda dərc edilmiş
məlumata görə 59 000 hektar ərazi minalardan təmizlənib. Bu, o
deməkdir ki, azad edilmiş 10 000 kvadrat kilometr ərazinin yalnız
590 kvadrat kilometri minalardan təmizlənib və 80 000-ə yaxın mina
zərərsizləşdirilib. Amma o da məlumdur ki, Ermənistan həmin
ərazilərdə 100 minlərlə mina basdırıb ki, azərbaycanlılara qarşı
soyqırımını davam etdirsin və insanların öz doğma yurdlarına
qayıdışını maksimum ləngitsin. Deməli, bu işi başa çatdırmaq üçün
ən azı 10-15 il vaxt və böyük maliyyə vəsaiti lazımdır. İnanıram
ki, o torpaqlara qayıdış tam təmin edildikdən sonra ÜDM-nin həcmi
iki dəfə artacaqdır ki, bu da xalqımızın layiqli həyat tərzinin
daha da yüksəldilməsini təmin edəcəkdir”, – deyə B.Əliyev
bildirib.

O qeyd edib ki, bütün bunlar bir daha onu göstərir ki, müstəqil
Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq 19
ildir sürətlə inkişaf edir və böyük uğurlara imza atır.

“Bundan sonra da belə olacaqdır. Bir məsələni də xüsusi olaraq
qeyd etmək istərdim. Uğurlu siyasətin, iqtisadi inkişafın nəticəsi
kimi respublikanın 66 şəhər və rayonundan yalnız 8-inə
mərkəzləşdirilmiş xərclərdən vəsait ayrılması nəzərdə tutulur. Qeyd
edilən 66 şəhər və rayonun 58-i yerli xərcləri öz hesabına təmin
edir. Yerdə qalan 8 rayonun 6-sı isə işğaldan azad edilmiş
rayondur. Bu istiqamətdə əldə edilmiş uğurun ən bariz nümunəsi
Ağdam rayonun 73 faizinin işğaldan 2 il əvvəl azad edilməsinə və
həmin ərazilərindən Ermənistan tərəfindən basdırılmış 100 000
minadan hələlik tam təmizlənmədiyi üçün iqtisadi baxımdan
istifadənin mümkünsüzlüyünə baxmayaraq, Ağdam öz yerli büdcəsini
təmin etməklə bərabər mərkəzləşdirilmiş xərclərə 1 343 000 manat
vəsait yönləndirmişdir. Bu, həm uğurlu iqtisadi inkişaf siyasətinin
nəticəsi, həm də ağdamlıların doğma Ağdamın yenidən qurulmasına
verilən töhfə kimi qiymətləndirilməlidir.

Hesab edirik ki, rayonların iqtisadi inkişafında əldə edilmiş bu
nailiyyət xüsusi vurğulanmalıdır. Çünki, bildiyiniz kimi, yaxın
keçmişdə vəziyyət o qədər də ürəkaçan deyildi və rayonların böyük
əksəriyyəti mərkəzləşdirilmiş xərclərdən ayırmalar hesabına yerli
xərcləri təmin edirdilər. Deməli, Prezident İlham Əliyevin müəyyən
etdiyi və 2004-cü ildən başlayaraq ardıcıl surətdə həyata keçirilən
regionların inkişaf siyasəti qarşıya qoyulan hədəflərə çatmağı
təmin edibdir. Bu dövlət proqramının icrası zamanı bəzi problemlər
olsa da, bütövlükdə nəticəyönümlü dövlət proqramı kimi
qiymətləndirilməlidir. Ona görə də bu siyasətin davam etdirilməsi
olduqca vacibdir”, – deyə B.Əliyev vurğulayıb.

O qeyd edib ki, Azərbaycan Respublikasının 2023-cü il büdcəsində
də elm və təhsil prioritet istiqamətlərdən biridir.

“Növbəti il üzrə təhsil xərcləri 4423,1 milyon manat vəsait
proqnozlaşdırılır ki, bu da bu illə müqayisədə 536.5 milyon manat
çoxdur. ÜDM-də xüsusi çəkisi 4,2 faiz, dövlət büdcəsi xərclərinin
tərkibində xüsusi çəksi isə 13.3 faiz təşkil edir.

2023-cü ilin dövlət büdcəsində müəllimlərinin əməkhaqqının
artırılması, dövlət hesabına ali təhsil müəssisələrinə qəbulun
artırılması nəzərdə tutulur, tələbələrin təqaüdünün və təqaüd
yerlərinin artırılması. Eyni zamanda, ali təhsilin əlçatanlığını
təmin etmək məqsədilə Təhsil Tələbə Krediti Fondunun vəsaitinin
110,0 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, elmi tədqiqaları sürətləndirmək və
nəticəyönümlüyünü təmin etmək, gənc alimlərin fəaliyyətini
dəstəkləmək məqsədilə 228,5 milyon manat, o cümlədən Elm Fonduna
8,7 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Bir sözlə, 2023-cü ilin dövlət büdcəsi növbəti ildə bütün
sahələr üzrə böyük uğurların əldə edilməsinə tam təminat verir.

Eyni zamanda, 2023-cü ilin dövlət büdcəsində nəzərə alınması
üçün aşağıdakı təklifləri irəli sürürük:

1. Ali təhsil və elmi tədqiqat müəssisələrində elmi tədqiqat
labarotoriyalarının müasir cihazlarla təhciz edilməsi məqsədilə
vergi və gömrük güzəştləri nəzərdə tutulsun.

2.Elm və təhsilin inteqrasiyasını sürətləndirmək və maliyyə
əsaslarını möhkəmləndirmək məqsədilə institusional islahat
çərçivəsində Elm və Təhsil fonndlarının birləşdirilməsi
məqsədəuyğundur”, – deyə B.Əliyev əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir