Gömrük Akademiyasında dini və mənəvi dəyərlərin təbliğinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Akademiyasında gənclər arasında
dini-mənəvi dəyərlərin təbliğinə həsr olunmuş seminar keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini
Səyavuş Heydərov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi,
gömrük xidməti general-mayoru Qulu Novruzov, Sosial İnnovasiyalar
və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki
Vüqar Əliyev, Akademiyanın əməkdaşları, tələbələri və “Könüllü
gömrükçü” dəstəsinin üzvləri iştirak ediblər.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından
keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad
edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə
çıxış edən Akademiyasının rəisi Q. Novruzov iştirakçıları
salamlayaraq, keçirilən seminarın əhəmiyyətindən bəhs edib. 44
günlük Vətən müharibəsində xalq-ordu birliyi sayəsində qazanılmış
tarixi Zəfərimizdə Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsində və
siyasi kursunda xüsusi yer almış, Prezident İlham Əliyev tərəfindən
də uğurla davam etdirilən tolerantlıq siyasətinin xüsusi rola malik
olduğunu qeyd edib. Q.Novruzov tələbələrin fundamental elmi
biliklərə yiyələnmələri və milli-mənəvi dəyərlərə sahib olmaları
ilə yanaşı dünyagörüşlərinin inkişaf etdirilməsinin Akademiyanın
prioritet sahələrindən biri olduğunu diqqətə çatdırıb. Çıxışının
sonunda natiq gəncləri radikal dini cərəyanları düzgün
dəyərləndirməyə, həmçinin onları mili-mənəvi dəyərlərə,
dövlətçiliyə bağlı olmağa çağırıb.

Daha sonra çıxış edən Sosial İnnovasiyalar və Analitik Təhlil
İdarəsinin rəisi V. Əliyev təşkil edilən tədbirin önəmindən söz
açaraq gənclərin milli ruhda vətənpərvər şəxsiyyət kimi
formalaşması istiqamətində Akademiyanın fəaliyyətini yüksək
qiymətləndirib. Sağlam dini biliklərə söykənən maarifləndirmənin
aparılmasının əhəmiyyətini diqqətə çatdıran V. Əliyev zərərli
təbliğatın qarşısının alınmasında, ölkəmizdəki tolerantlıq
mühitinin qorunub-saxlanılmasında, gənclərimizin milli ruhda
tərbiyə edilməsində cəmiyyətin bütün təbəqələrini fəal olmağa
səsləyib.

Tədbirdə əsas məruzəçi qismində çıxış edən DQİDK-nın sədr
müavini Səyavuş Heydərov dini və etnik zənginliyə malik xalqımızın
tolerantlıq ənənələrinin uğurla inkişaf etdirildiyini, Ümummilli
lider Heydər Əliyevin müəyyənləşdirdiyi, bütün xalqların və
dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsini
özündə təcəssüm edən azərbaycançılıq məfkurəsinin ölkəmizin
tərəqqisində müstəsna rolu olduğunu qeyd edib. Natiq Vətən
müharibəsində müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan
vətəndaşlarının çiyin-çiyinə vuruşmalarının, “Dəmir yumruq”
ətrafında həmrəylik nümayiş etdirmələrinin bu istiqamətdə həyata
keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsi olmasını
vurğulayıb. Məruzəçi həmçinin gənclərə ənənəvi İslam dəyərləri,
radikal dini cərəyanlar və onların milli təhlükəsizlik üçün
yaratdığı təhdidlər barədə məlumat verib.

Daha sonra Səyavuş Heydərov müəllifi olduğu “Din və ideoloji
təhlükəsizlik” kitabını Akademiyanın kitabxanasına hədiyyə
edib.

Sonda Qulu Novruzov dəvəti qəbul edib gəldiyinə və olduqca
məzmunlu məruzəsinə görə Səyavuş Heydərova Dövlət Gömrük Komitəsi
və Akademiyanın kollektivi adından təşəkkürünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir