İran həbsxanalarında etirazlarda iştirak etmiş qadınlar zorakılığa məruz qalır

Bakı. Trend:

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan
etirazlar iki aydan çoxdur ki, davam edir. Bu müddət ərzində azı
378 etirazçı həlak olub, daha çox insan yaralanıb. 15 minə yaxın
şəxs həbs edilib. Onların bir çoxu hələ də həbsxanalarda və polis
bölmələrində sərt rəftara məruz qalırlar.

Trend-in
məlumatına görə, CNN jurnalistləri saxlanılanlardan biri,
aksiyalarda iştirak edən 20 yaşlı qızla danışıb. O, polis
bölmələrində cinsi zorakılıqlar barədə danışıb.

Kürd mənşəli Xana (CNN-in məlumatına görə, təhlükəsizlik
məqsədilə adı dəyişdirilib) adlı qız saxlanıldıqdan sonra İranın
şimal-qərbindəki Urmiya şəhərində polis bölməsinə aparılıb. O,
cinsi zorakılığın şahidi və qurbanı olduğunu bildirib. Bununla belə
o, təcridxanada cəmi bir gün keçirib.

Xananın saxlandığı ərəfədə onun anasına Mahabad şəhərindəki
həbsxananın yüksək rütbəli əməkdaşı olan tanışı zəng edib. O,
qadını heç bir halda qızlarını etirazlarda iştirak etmək üçün evdən
buraxmamağa çağırıb, çünki İran həbsxanalarında qadınlarla çox pis
rəftar olunduğunu deyib.

Xəbərdarlığa baxmayaraq, Xana etirazlara qoşulub və bir çox
digər qadınlar kimi hicabını açıq şəkildə yandırıb. Onunla birlikdə
daha 30-40 qadın, eləcə də 13-14 yaşlı yeniyetmələr polis bölməsinə
aparılıb. O bildirib ki, əsasən yeniyetmələr cinsi zorakılığa məruz
qalıb. Xana özü də həbsdə cinsi zorakılığa məruz qalıb.

Xananı həbsdən atası çıxarıb və o, İrandan qaça bilib. Baş
verənlərə baxmayaraq, Xana başqalarından daha şanslı olduğuna
əmindir. CNN yazır ki, bir çox məhbus “İranın qarışıq həbsxana
sistemində” yoxa çıxır. Hüquq müdafiəçiləri CNN-ə bildiriblər ki,
son illər İranda yüzlərlə insan yoxa çıxıb.

İtkin düşənlərdən biri də 20 yaşlı Armita Abbasidir. Etirazlar
başlayandan bəri o, sosial mediada hökumət əleyhinə yazılar dərc
edib, baxmayaraq ki, onun küçə etirazlarında birbaşa iştirak
edib-etmədiyi məlum deyil. Lakin polis qızı bu etirazlara rəhbərlik
etməkdə ittiham edərək saxlayıb. Səlahiyyətli şəxslər bildirir ki,
polis Abbasinin mənzilində axtarış apararkən 10 ədəd “Molotov
kokteyli” aşkar edib.

Oktyabrın 17-də mülki geyimli polis əməkdaşları Armita Abbasini
düz bağırsağından aldığı ağır xəsarətlə Tehranın Kərəc
qəsəbəsindəki xəstəxanaya aparıblar. Polis xəstəxana işçilərinin
Armita ilə danışmasına mane olub və həkimləri zorlamanın onun
həbsindən əvvəl baş verdiyini sənədləşdirməyə məcbur edib. Onun
məsələsi ictimailəşəndə ​​polis qızı xəstəxanadan aparıb.
Məlumatlara görə, o, yerli həbsxanaya köçürülüb, lakin bu məlumatın
təsdiqi yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir