Kəlbəcər rayonunun yeni inkişaf dövrü

Bakı. Trend:

1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası silahlı
qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı
511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.
İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770
yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal
nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq
bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi,
tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23
ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil,
yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun
milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.

İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman
Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən
işğalçılardan azad edilmişdir.

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər
rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Vətən
müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış
üçtərəfli bəyanata əsasən, noyabrın 25- də Kəlbəcər rayonu
Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla,
rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Tarixi Qələbədən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü
başladı.

Müxtəlif sahələri əhatə edən infrastruktur layihələrinin
icrasına start verilmişdir. Toğanalı-Kəlbəcər avtomobil yolu
üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun
böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını
birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil
edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4
hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq
inşa edilir.

Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir.
İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün,
həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər. İlin
sonuna qədər yaşayış binaları, məktəb, xəstəxana inşa edilməsi
nəzərdə tutulur. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət
göstərir. Kəlbəcər rayonu təbii enerji potensialına malikdir.
Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək
elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər daxil
olunur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik
xətləri çəkilmişdir. “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası
inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə
artıq istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə bütün işğaldan azad olunmuş ərazilərdə o cümlədən Kəlbəcər
rayonunda geniş miqyaslı tikinti quruculuq işlərinə başlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli
Sərəncamı ilə təstiq olunmuş “Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə
Kəlbəcər rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə
tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qaydış
Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi
müəyyən olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş
tədbirlər uğurla həyata keçiriləcək və bütün keçmiş məcburi
köçkünlər o cümlədən Kəlbəcər rayonunun sakinləri tezliklə öz doğma
ata-baba yurdlarına qayıdacaqlar.

Milli Məclisin deputatı

Rauf Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir