Nizami rayonunda “Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət istifadəyə verilib (FOTO)

Bakı. Trend:

Noyabrın 23-də Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yenilənən
daha bir həyət sakinlərin istifadəsinə verilib.

Trend-in məlumatına görə,
yenilənmiş həyət Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi
120/116 və Qara Qarayev prospekti 118 və 120 ünvanlarında 650 nəfər
sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində
həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər
ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam
həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat
yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları
məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları
üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması,
gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda
sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə
ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası,
müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda,
ərazidə 7 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün
qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni
işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların
fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib,
elektrik sistemi yenidən qurulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı,
260 ədəd müxtəlif növ ağaclar və 15000-ə qədər kollar əkilib, 2400
kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı,
həyətin ətraflarında sıx bitən və hava çirklənməsini effektiv
şəkildə azalda bilən adi daşsarmaşığı və digər sarmaşan bitkilər
əkməklə “yaşıl səddlər” yaradılıb.

“Bizim Həyət” layihəsi çərçivəsində ümumi yaşayış sahələrinin
həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin İDEA
İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir