Prezident İlham Əliyev: Beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır

Bakı. Trend:

Bizim torpaqlarımız uzun illər işğal altında idi və dünyanın
aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəmli və həqiqəti
əks etdirən qərar və qətnamələr qəbul etmişdilər. Onların arasında
BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də var. Bu qətnamələrdə
erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və
qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham
Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə birgə Belqradda
keçirilən mətbuat konfransında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, bütün aparıcı beynəlxalq
təşkilatlar – BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı,
Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT
Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul
etmişlər, ancaq məsələ öz həllini tapmırdı. Bu onu göstərir ki,
beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası
selektiv xarakter daşıyır.

“Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə
gün ərzində, bəzi hallarda bir neçə saat ərzində icra edilir. Amma
bizim məsələmizə gəldikdə biz 27 il bu qərarların icrasını
gözləyirdik və buna nail ola bilmədik. Ona görə beynəlxalq
təşkilatların gələcək fəaliyyəti ilə bağlı dünya ictimaiyyəti öz
təkliflərini verməlidir. Biz də Azərbaycan olaraq buna hazırıq.
Çünki qəbul edilmiş qərarlar əgər həyatda öz əksini tapmırsa,
yerinə yetirilmirsə, əlbəttə ki, bu, çox düşündürücüdür”, – deyə
Azərbaycan Prezidenti vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir