Prezident İlham Əliyev: Serbiya və Azərbaycan hər zaman beynəlxalq arenalarda bir-birini dəstəkləyir (TAM BƏYANAT)

Bakı. Trend:

Noyabrın 23-də sənədlərin imzalanması mərasimindən sonra
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya
Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla
çıxış ediblər.

Trend xəbər verir ki, əvvəlcə Serbiya Prezidenti bəyanatla çıxış
etdi.

x x x

Sonra Azərbaycan Respublikasının Prezidenti bəyanatla çıxış
etdi.

Prezident İlham Əliyevin bəyanatı

– Hörmətli cənab Prezident.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, mənə və nümayəndə heyətinə
göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm.
Gözəl ölkənizə dəvətə görə də Sizə minnətdaram. Eyni zamanda,
Azərbaycan haqqında dediyiniz xoş sözlərə görə də Sizə təşəkkürümü
bildirirəm. Bu, əsl dostun sözləridir. Bizi Prezident Vuçiç ilə
dostluq əlaqələri bağlayır və hesab edirəm ki, Serbiya-Azərbaycan
əlaqələrinin sürətli inkişafında bu amil önəmli rol oynamışdır.

Aramızda imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquqi
bazasını təşkil edir və onların arasında, əlbəttə ki, strateji
tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur. Biz sözün əsl
mənasında strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla
əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri
var.

Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda
müdafiə edir, dəstəkləyir. Prezident Vuçiçin dediyi kimi,
ölkələrimizin suverenliyi, ərazi bütövlüyü qarşılıqlı surətdə
dəstəklənir və bu mövqe birmənalıdır, dəyişməzdir və dəyişməz
olaraq qalacaq. Eyni zamanda, Prezident Vuçiçin beynəlxalq
təşkilatlarla bağlı dediyi sözlərə də şərh verərək bir neçə kəlmə
demək istərdim. Bizim torpaqlarımız uzun illər işğal altında idi.
Dünyanın aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəmli və
həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etmişdilər. Onların
arasında, əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini
qeyd etməliyəm. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin
Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz və tam şəkildə
çıxarılması tələb edilirdi. BMT-nin Baş Assambleyası, İslam
Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa
Parlamenti, ATƏT, yəni, bütün aparıcı beynəlxalq təşkilatlar bizim
mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər, ancaq
məsələ öz həllini tapmırdı. Bu nəyi göstərir? Onu göstərir ki,
beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası
selektiv xarakter daşıyır. Bəzi hallarda BMT Təhlükəsizlik
Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir, bəzi
hallarda isə bir neçə saat ərzində icra edilir. Amma bizim
məsələmizə gəldikdə, biz 27 il bu qərarların icrasını gözləyirdik
və buna nail ola bilmədik. Ona görə dünya ictimaiyyəti beynəlxalq
təşkilatların gələcək fəaliyyəti ilə bağlı öz təkliflərini
verməlidir. Biz də Azərbaycan olaraq buna hazırıq. Çünki qəbul
edilmiş qərarlar əgər həyatda öz əksini tapmırsa, yerinə
yetirilmirsə, əlbəttə ki, bu, çox düşündürücüdür.

Biz nəticə etibarilə görəndə ki, bütün bu səylər, o cümlədən
aparılan danışıqlar səmərə vermir, güc amilindən istifadə etdik.
Beynəlxalq hüquq bu imkanı bizə verirdi, BMT-nin Nizamnaməsi bu
imkanı bizə verirdi, özünümüdafiə etmə haqqı bütün dövlətlərə şamil
edilməlidir, o cümlədən Azərbaycana. Biz güc yolu ilə öz ərazi
bütövlüyümüzü bərpa etdik, ədaləti bərpa etdik və artıq iki ildir
ki, Azərbaycan xalqı azad edilmiş torpaqlarda qurub-yaradır,
binaları bərpa edir, bütün o böyük ərazini – 10 min
kvadratkilometrdən böyük olan ərazini yenidən qurur.

Biz, əlbəttə ki, bu və digər məsələləri ölkələrimizin
maraqlarının prizmasından təhlil edirik və bu gün ikitərəfli
formatda bir çox beynəlxalq məsələlərə də toxunduq. Eyni zamanda,
regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Mənim dostum
Aleksandar dediyi kimi, energetika sahəsindəki əməkdaşlığı müzakirə
etdik və bu gün bu müzakirələr davam edəcək. Təbii qaz, elektrik
enerjisi sahələrində əməkdaşlıq üçün yeni imkanlar var.
Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji
təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim
rolumuz getdikcə artacaq. Əlbəttə ki, ilk növbədə, biz dost olan
ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı
dərinləşdirmək fikrindəyik. O cümlədən hərbi-texniki sahədə
əməkdaşlıq aparılır və bu əməkdaşlığın daha da dərinləşməsi, daha
geniş vüsət alması istiqamətində əlavə addımlar atılacaqdır.

Bir sözlə, biz bu gün növbəti illər üçün bir gündəlik tərtib
etdik. Əlbəttə ki, prezidentlər bu gündəliyi diqqətdə
saxlayacaqlar, bu məsələlərin icrasına nəzarət edəcəklər. Bunu daha
operativ və səmərəli şəkildə etmək üçün əlbəttə ki, biz tez-tez
görüşməliyik.

Mən əziz dostumu, Prezident Vuçiçi Azərbaycana səfərə dəvət
etdim. Hesab edirəm ki, ilin sonuna qədər bu səfər gerçəkləşə bilər
və ondan sonra, əlbəttə, mən də yenidən gələcəyəm. Mənim Serbiyaya
səfərim bir qədər uzandı, yəni, bir qədər gecikdi. Çünki Prezident
Vuçiç üç il yarım bundan əvvəl Azərbaycanda idi. Mən də cavab
səfəri etməli idim. Amma COVID-in müdaxiləsi nəticəsində bir qədər
ertələndi. Amma yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam.
Belə səfərlərimiz çox olacaq. Bizim dostluğumuz da əbədi olacaq.
Qonaqpərvərliyə və diqqətə görə bir daha təşəkkürümü
bildirirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir