“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantında təkliflər nəzərə alınb – Əli Hüseynli

Bakı. Trend:

“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantında
əvvəlki müzakirələr zamanı irəli sürülən bir sıra təkliflər nəzərə
alınıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədr müavini Əli
Hüseynli parlamentdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin
yeni variantının müzakirəsi zamanı deyib.

O qeyd edib ki, qanun layihəsinin ilkin variantında narazılıq
yaradan bəzi məsələlər aradan qaldırılıb. “Partiyaların
yaradılması, ləğv edilməsi və digər məsələlərə görə verilən
müddətlərə yenidən baxılıb. O müddətlər ki, çox hesab edilirdi
azaldılıb, az hesab edilirdi çoxaldılıb. Müddətlər ortaq məxrəcə
gətirilib. Qanun layihəsinə digər dəyişikliklər də edilir,
müzakirələr zamanı narazılıq yaradan digər məsələlər aradan
qaldırılıb. Hesab edirəm ki, qanun layihəsini plenar iclasa tövsiyə
etmək üçün əsaslar var”, – deyə o qeyd edib.

Qeyd edək ki, Milli Məclis tərəfindən bu ilin 26 iyul tarixində
dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi
ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət edilib. Ötən
müddət ərzində 50-ə yaxın siyasi partiya 250-dən çox təkliflərini
rəsmi qaydada təqdim edib.

Bununla yanaşı yeni qanun layihəsi ilə bağlı dinləmələr
keçirlib. Belə ki, oktyabrın 24-də Milli Məclisdə parlamentdə
təmsil olunan və eyni zamanda dövlət qeydiyyatından keçərək ölkədə
fəaliyyət göstərən əksər siyasi partiyaların sədrləri və
nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni
qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. Növbəti dinləmə
isə noyabrın 4-də baş tutub və dinləmələrdə siyasi partiya
rəhbərləri və nümayəndələri qanun layihəsi ilə bağlı öz təklif və
rəylərini bildirib.

Təqdim olunan rəylər əsasında qanun layihəsinin yeni variantı
hazırlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir