Siyasi partiyalarda qadınların təmsilçiliyi könüllü olmalıdır – Komitə sədri

Bakı. Trend:

Siyasi partiyalarda qadınların təmsil olunması məsələsi könüllü
olmalıdır. Bunu süni kvotalarla yaratmaq düzgün olmazdı.

Trend-in məlumatına görə,
bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc
“Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı bu gün
jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsindən də bununla bağlı təkliflər olub.

“Bu, işçi qrupda müzakirə olunarkən müəyyən beynəlxalq təcrübə
nəzərə alınıb, müxtəlif ölkələrdə qadınları aktiv siyasi
proseslərə, idarəetmə sisteminə cəlb etmək üçün kvotalar qoyulub.
Amma bunu siyasi partiyalara güclə tətbiq etməkdə müəyyən
qüsurların ola biləcəyini əvvəldən deyə bilərik.

Bunlar əlbəttə təşviq mexanizmlərinə, daha başqa addımlarla
həyata keçirilməlidir. Azərbaycan cəmiyyətinin yarısını qadınlar,
yarısını da kişilər təşkil edir. Parlamentdə təmsil olunanların
müəyyən hissəsi qadınlardır. Hər bir siyasi qurumda müavinlərin 1/3
nisbətdə qadın olması partiyaları mexaniki prosesə qoşacaq. Əgər
bu, qadının cəmiyyətdəki fəallığından, təhsilindən, öz iradəsindən
irəli gəlməsə, prosesi süni kvotalarla edə bilməyəcəyik.
Qadınlarımızın ölkənin gələcək həyatında hər hansı statusda
iştirakında heç bir problem yoxdur. Sadəcə bunu yeni layihənin
predmetinə çevirmək yalnış sayıldı və işçi qrupu bunu qəbul
etmədi”, – deyə Z.Oruc əlavə edib.

Qeyd edək ki, bu gün Milli Məclisin İctimai birliklər və dini
qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları
komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanun
layihəsinin yeni variantı müzakirə olunub. Müzakirələrdən sonra
qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına
tövsiyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir