Siyasi partiyalarla bağlı Milli Məclisdə mətbuat konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 23-də parlamentin İctimai birliklər və dini qurumlar,
Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları
komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni
qanun layihəsinin birinci oxunuşda müzakirəsindən sonra Milli
Məclisdə mətbuat konfransı keçirilib.

Milli Məclisdən Trend-ə bildirilib ki, mətbuat konfransından
əvvəl Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev tədbirdə
iştirak edən jurnalistlərlə görüşərək Milli Məclisin sədri Sahibə
Qafarovanın adından media nümayəndələrini salamlayıb və mətbuat
konfransının işinə uğurlar arzulayıb.

Tədbiri açan Milli Məclis sədrinin birinci müavini, parlamentin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli
jurnalistlərin suallarına cavab olaraq bildirib ki, “Siyasi
partiyalar haqqında” qanun layihəsinin geniş ictimai
müzakirələrindən sonra layihənin yeni variantına ümumilikdə 66
düzəliş edilib. Düzəlişlər həm mahiyyət, həm də texniki
xarakterlidir. İctimai müzakirələrdən sonra layihəyə partiyaların
təsis edilməsi, ləğv edilməsi, qeydiyyatdan keçməsi və s.
məsələlərə dair müddətlərlə bağlı düzəlişlər edilib. Layihə birinci
oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

Sonra jurnalistlərin suallarına cavab verən Milli Məclisin İnsan
hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, bu gün
Azərbaycanda dövlət quruculuğu siyasətinin əsas hədəfi ölkədəki
siyasi partiyaların hüquqi müstəvidə fəaliyyət aparmalarıdır. Son
üç ildə partiyalarla kifayət qədər görüş və dialoqlar keçirilib.
Yeni qanun layihəsini tərtib etməkdə ali məqsəd bu sahədə ortaq
məxrəcin tapılması və güclü siyasi partiyaların
formalaşdırılmasıdır. Dövlət Vətən müharibəsində qazandığı Zəfərdən
sonra ölkədə qalib siyasi sistem yaratmaq niyyətindədir.

Mətbuat konfransında jurnalistlərin bütün sualları ətraflı
cavablandırıldıqdan sonra tədbirə yekun vurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir