“Yanğın təhlükəsizliyini birgə təmin edək!” devizi altında növbəti tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti
Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyini
birgə təmin edək!” devizi altında SOCAR-ın “Azərneft” İstehsalat
Birliyi, “Azəriqaz” İB, “Qaz İxrac” İdarəsi, həmçinin Bakı Şəhəri
və Binəqədi Rayon İcra Hakimiyyəti strukturlarının və “Binagady Oil
Company” şirkətinin nümayəndələrinin iştirakı ilə birgə nümunəvi
tədbir keçirilib.

FHN-dən Trend-ə bildirilib ki, tədbir Bakı şəhəri, Binəqədi
rayonunun ərazisində, Binəqədi-Mehdiabad yolunun yaxınlığında
yerləşən “Binagady Oil Company” şirkətinə məxsus 2-ci mədənin 3-cü
sahəsində keçirilib.

Sözügedən ərazinin ümumi sahəsi təxminən 30 hektardır. Ərazidə 4
ədəd separator qurğusu, 5 ədəd neft quyusu, 3 ədəd inzibati bina və
müxtəlif təzyiqli qaz kəmərləri mövcuddur. Həmin ərazi sənaye
zonası olmaqla, yaşayış evlərinin neft quyularının yaxınlığında
yerləşməsi baxımından riskli zona hesab edilir. Ərazidəki qaz nəqli
borularının ətrafı qamışlıq, kol-kosdan ibarətdir. Bundan əlavə,
yaxınlıqdakı fərdi evlərin sakinləri tərəfindən bu əraziyə məişət
tullantıları, o cümlədən yanar materiallar atılır ki, bu da
ərazinin yüksək risk qrupuna aid edilməsinə, real yanğına şərait
yaradır.

Qeyd olunanlar nəzərə alınaraq, FHN-in Dövlət Yanğın Nəzarəti
Xidməti tərəfindən aidiyyəti qurumların, kommunal təsərrüfat
işçilərinin dəstəyi ilə ərazinin kol-kos və qamışlıqdan,
tullantılardan təmizlənməsi, o cümlədən neft, qaz nəql edən
boruların təhlükəsiz istismar vəziyyətinə gətirilməsi, yaxınlıqdakı
yaşayış evlərinin yanğından etibarlı mühafizəsi məqsədilə
qabaqlayıcı tədbirlərə start verilib. İşlərə ilkin olaraq neft
quyuları, mancanaq dəzgahları ilə yaşayış evlərinin mühafizə
zonalarındakı quru kol-kos və qamışlıq sahələrinin təmizlənməsi ilə
başlanılıb. Sonra ərazidən keçən kommunikasiya, o cümlədən elektrik
verilişi xətlərinin təhlükəsiz mühafizə zolaqları yaradılıb və
ərazi məişət tullantılarından təmizlənib.

FHN Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi
tədbirlərini davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir