4 yaşlı qızın qətlində təqsirləndirilən qadın niyə tapılmır? – Məhkəmə

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Xəzər rayonu, Qala
qəsəbəsində 4 yaşlı qızı döyüb öldürməkdə, meyitini isə quyuya
atmaqda ittiham olunan Mehman Mansurovun məhkəməsi davam edir.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə
keçirilən prosesdə hadisə baş verən dövrdə Mehman Mansurovun
qeyri-rəsmi nikahda olduğu Xəyalə adlı qadının azyaşlı oğlu Vüsal
dindirilib. O, bildirib ki, anası Mehman Mansurovdan uşağı aparıb
atasına verməsini istəyirdi. Vüsalın sözlərinə görə, Məryəmi Mehman
Mansurov döyüb və nəticədə uşaq ölüb.

Mehman Mansurov sözügedən qadının dindirilməsini, onun cinayət
məsuliyyətinə cəlb olunmasını tələb edib. Məhkəmədə dindirilən
Vüsal da anasının yerini bilmədiklərini deyib.

İttihama görə, 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyiti
yanvarın 31-də quyudan tapılıb. Meyitin üstünə də torpaq
tökülüb.

Araşdırma zamanı məlum olub ki, uşağı atası sonuncu dəfə işə
gedəndə qonşuluqda yaşayan 32 yaşlı Mehman Mansurovgilə qoyub.
Ümumiyyətlə, uşaq tez-tez onlarda qalırmış. Çünki Məryəmin atasıyla
anası ayrılıb, uşaq atasında qalıb. Atası Taleh Allahyarov işə
gedəndə uşağı qoymağa yer olmadığına görə Mehman Mansurovgilə
verirmiş.

Mehman Mansurova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən
sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb
olduqda) və 133.2.4-cü (Əzab vermə) maddələrilə ittiham
verilib.

Hadisədən az sonra Məryəmin atası Taleh Allahyarov da həbs
olunub. Onun cinayəti ayrıca icraata ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir