Ankarada PAŞA Həyat “İRS” Nəşriyyat evi ilə birgə ərsəyə gəlmiş kitablarını təqdim edib (FOTO)

Bakı. Trend:

21- 23 noyabr tarixlərində Ankara Universiteti, Ankara Hacı
Bayram Vəli Universiteti və Türkiyə Cümhuriyyəti
Cumhurbaşkanlığının Milli Kitabxanasında PAŞA Həyat ilə İRS
Nəşriyyat evinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn
“Salam, Azərbaycan!” və “Qarabağın Qara Kitabı”
kitablarının türk dilində nəşrləri təqdim olunub.

Hər 3 gün keçirilən təntənəli tədbirlərdə sözügedən kitabların
təqdimatı ilə yanaşı Azərbaycan mədəniyyəti, tarixi və incəsənətini
əks etdirən fotolardan ibarət sərginin açılışı olub, həmçinin
zəngin milli musiqi proqramı təqdim olunub.

Tədbirlərdə açılışdan sonra Azərbaycanın Türkiyədəki səfiri
Rəşad Məmmədov, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu,
PAŞA Həyat şirkətinin sədri Niyaz İsmayılov, İRS Nəşriyyat evinin
baş redaktoru Musa Mərcanlı, Türkiyə Prezidenti yanında
Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar, digər
rəsmilər və universitet rekrotları çıxış etmişlər. Qonaq qismində
tədbirlərə Azərbaycanın Ankaradakı Səfirlik nümayəndələri, görkəmli
ziyalılar, nüfuzlu rəsmilər, universitet rektorları, professor,
müəllim və tələbə heyəti və digər qonaqlar da təşrif
buyurmuşdular.

“PAŞA Həyat Sığorta” ASC-nin sədri Niyaz İsmayılov və İRS
nəşriyyat evinin baş redaktoru Musa Mərcanlı təqdim olunan kitablar
və jurnalların Azərbaycan həqiqətləri ilə bağlı oxuculara geniş
məlumat verəcəyi haqda bəhs ediblər, həmçinin kitabların ərsəyə
gəlməsi ideyası və prosesi barədə məlumat veriblər. Azərbaycanın
qardaş ölkədəki səfiri Rəşad Məmmədov çıxış edərək türk dilində çap
edilmiş “Salam, Azərbaycan!” və “Qarabağın Qara Kitabı” adlı
kitabların türk ictimaiyyətinə təqdim olunmasının əhəmiyyətini qeyd
edib.

23 noyabr tarixində Türkiyə Cümhuriyyəti Cumhurbaşkanlığı Milli
Kitabxanasında baş tutmuş tədbirdə PAŞA Həyat və “İRS” nəşriyyat
evi tərəfindən Kitabxanaya Azərbaycanla bağlı çox sayda kitablar
hədiyyə edilib.

Qeyd edək ki, “Qarabağın Qara kitabı”nda Azərbaycanın ayrılmaz
bir parçası olan Qarabağın Ermənistan tərəfindən işğalı nəticəsində
təbiətinə, yaşayış fonduna, əmlaklara, tarixi abidələrə, mədəniyyət
nümunələrinə vurulmuş ziyan və onun həcmi barədə bəhs edilir,
”Salam, Azərbaycan!” kitabı isə ümumi Azərbaycan tarixi və
mədəniyyətinə həsr olunub. Sözügedən kitablar “PAŞA Həyat Sığorta”
ASC və “IRS Publishing House”un 2013-cü ildən birgə həyata
keçirdiyi “İrs” silsiləsi layihəsi çərçivəsində ərsəyə gəlib.

Ümumilikdə əməkdaşlıq çərçivəsində indiyədək “Qədim qalanın
yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli
nağılları”, “Qədim və gözəl Qarabağ”, “Məftun edən şəhər”, “Bakı
simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsrlərin salnaməsi”,
“Gəncə – Nizami yurdu”, ”Zəfər Salnaməsi”, “Salam, Azərbaycan!” və
“Şəki – Gözəlliyin Sehri”, “Qarabağın Qara kitabı” və “Qarabağ –
qələbəyə doğru” kitablar işıq üzü görüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir