Bakıda qadın şirkət rəhbərini zəhərləyərək yarım milyon dollarını mənimsəyib – Məhkəmə

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində şirkətin 423 min dollarını
mənimsəməkdə təqsirləndirilən Nelli Fabriçnayanın cinayət işi üzrə
məhkəmə prosesində şahidlər dindirilib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə
keçirilən iclasda ifadə verən şahid Gülçöhrə Mehdiyeva bildirib ki,
işdə adı keçən şahid Mehriban Atakişiyevanın sifarişi ilə dualar
yazıb:

“Uşaqlıqdan Quran dərslərini öyrənmişəm. Müxtəlif dualar
yazırdım. Mehriban Atakişiyeva Nelli üçün zərərçəkmiş Əfqan
Zeynalovun ona daha çox bağlanması üçün dualar yazdırdı. Buna görə,
1200 manat pul almışam. Nellinin atası və qardaşı üçün də barışıq
duası yazmışam. Əfqan müəllimlə telefonda danışaraq hər şeyi etiraf
etmişəm”.

Daha sonra şahid qismində ifadə verən, şahid Mehriban
Atakişiyevanın oğlu Vüqar Əliyev bildirib ki, 29 min manatlıq
mikroavtobusun pulunu və evin təmirinə xərclədiyi 8 min manatı ona
Nelli Fabriçnaya verib: “Anam mənə dedi ki, səni işlədiyim yerdə
sürücü kimi işə düzəldəcəm. Lakin bunun üçün mikroavtobus almaq
lazımdır. Əlimdə bir az pul var idi, anam da köməklik etdi 29 minə
maşını aldım. Evin təmirinə isə 8 min pul xərclədik. Bu pulu da
Nelli vermişdi. Ev üçün məişət avadanlıqlarını da Nellinin
köməkliyi ilə almışıq. Nelli mənə bahalı telefon da aldı. Daha
sonra bu pulların oğurluq olması üzə çıxanda maşını 25 minə satdım.
Anam ümumilikdə 70 min manatı zərərçəkmiş Əfqan Zeynalova
qaytardı”.

Zərərçəkmiş şəxsin vəkili məhkəməyə mülki iddia qaldıraraq
bildirib ki, təqsirləndirilən şəxsdən 706 min 646 manat
tutulsun.

Məhkəmə yerində qısa müşavirədən sonra mülki iddia təmin
edib.

Məhkəmə prosesi dekabrın 5-də davam edəcək.

İttihama əsasən, 2018-ci ildə N.Fabriçnaya Ə.Zeynalovun
şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.

Ə.Zeynalovun şirkətləri dəmir yollarının tikintisi üçün
“Azərbaycan Dəmir Yolları” QSC ilə müqavilələr bağlayıb. Şirkət
eyni zamanda avtomobil yollarının salınması ilə məşğul olub.

Zərərçəkmiş N.Fabriçnayaya inandığından müəyyən işlər görmək
üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar
qoyub.

İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min
dollar pulu götürərək mənimsəyib. O isə həmin pulların bir
hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına,
bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa verib.

Təqsirləndirilən şəxs zərərçəkmiş Ə.Zeynalovun pullarını
mənimsəmək üçün onun onu zəhərləyərək öldürmək istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir