Bu il özəlləşdirmə və icarədən dövlət büdcəsinə 95 milyon manata yaxın vəsait ödənilib

Bakı. Trend:

Hərraclar dövlət əmlakının özəlləşdirilməsinin əlverişli
üsullarındandır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidməti tərəfindən 2022-ci ilin yanvar-oktyabr ayları
ərzində 53 hərrac keçirilib.

Qurumdan Trend-ə verilən
məlumata görə, hərraclarda 14 səhmdar cəmiyyətinin səhm paketi, 13
kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili, 473 nəqliyyat vasitəsi
özəlləşdirilib. Bu ilin 10 ayı ərzində hərraca çıxarılmış dövlət
əmlakı üzrə 352 elektron sifariş qəbul edilib, hərraclarda iştirak
etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 94
onlayn qoşulma reallaşıb. Bu dövrdə hərrac vasitəsilə 24 faydalı
qazıntı yatağı sahibkarların istifadəsinə verilib.

2022-ci ilin yanvar-oktyabr ayları ərzində ümumilikdə
özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 73,3 milyon manat
təşkil edib.

Cari ilin 10 ayı ərzində ümumilikdə 3.340 yeni icarə müqaviləsi
bağlanılıb. Bundan 705-i qeyri-yaşayış sahələri üzrə, 2 635-i isə
torpaq sahələrinə dair olub. Bu, 2021-ci ilin 10 ayı ilə müqayisədə
2,8 dəfə çoxdur.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin)
icarəsindən cari ilin 10 ayı ərzində dövlət büdcəsinə ümumilikdə
21,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, bu ilin yanvar-oktyabr ayları ərzində dövlət
əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 94,6 milyon
manat ödənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir