Ceyhun Bayramov “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edib (FOTO)

Bakı. Trend:

Noyabrın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov ADA Universiteti və Beynəlxalq Münasibətlərin
Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Orta dəhliz
boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda
beynəlxalq konfransda çıxış edib.

Trend xəbər verir
ki, nazir Ceyhun Bayramov çıxışında aşağıdakı fikirləri
səsləndirib:

∙Beynəlxalq münasibətlər sistemi ciddi transformasiya
mərhələsindədir. Sabitliyə, təhlükəsizliyə və rifaha nail olmaq
üçün geosiyasi rəqabət mentaliteti əvəzinə qarşılıqlı faydalı
əməkdaşlıq gündəliyinə köklənmək vacibdir.

∙44 günlük Vətən müharibəsindən sonra post-münaqişə dövründə
regionda bir sıra çağırışların mövcudluğuna baxmayaraq, əməkdaşlıq
və dayanıqlı sülhün bərqərar edilməsi üçün yeni imkanlar
yaranıb.

∙Azərbaycan 30 illik işğalın ağır nəticələrinə baxmayaraq, sülh
gündəliyinin irəli aparılması üçün mühüm addımlar atır. Lakin
Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi,
davamlı təxribatlar törətməsi prosesə xələl gətirir.

∙ Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə
genişmiqyaslı bərpa və quruculuq işləri aparır. Bu istiqamətdə
görülən işlərə maneə törədən ən mühüm amillərdən biri mövcud mina
təhlükəsidir. 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatda
nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan
ərazilərindən tam olaraq çıxarmayıb və Azərbaycan ərazilərində
müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların
yerləşdirilməsini davam etdirir. Ermənistana təzyiq göstərilməsi və
problemin öz həllini tapması istiqamətində beynəlxalq ictimaiyyətin
dəstəyinə ciddi ehtiyac var.

∙ Hazırda bölgədə və dünyada baş verən hadisələr mövcud
çağırışlarla mübarizədə əməkdaşlığın artırılmasının zəruriliyini
sübuta yetirir. Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyunca əsas
tranzit ölkələrdən biri kimi, tədarük zəncirinin pozulması riski
yaratmağa davam edən hadisələr fonunda tranzit əməliyyatlarının
təhlükəsizliyini və etibarlılığını təmin etmək Azərbaycanın əsas
prioritetlərindəndir.

∙ Bağlantıların gücləndirilməsinin əsaslarından biri kimi enerji
təhlükəsizliyi sahəsində əməkdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət
kəsb edir. 2022-ci il iyulun 18-də Azərbaycan və Avropa İttifaqı
arasında imzalanan Anlaşma Memorandumu özündə enerji
təhlükəsizliyinin bir sıra komponentlərini, o cümlədən enerji
infrastrukturunun modernləşdirilməsini, alternativ enerji
mənbələrinin inkişafında əməkdaşlığın genişləndirilməsini ehtiva
edir. Elektrik enerjisi istehsalı sahəsində səylərin
gücləndirilməsi də prioritet istiqamətlər sırasındadır.

∙ Regional kommunikasiyanın gücləndirilməsi baxımından müxtəlif
üçtərəfli formatlar bölgədəki əlaqələrin genişləndirilməsinə və
mövcud ziddiyyətlərin aradan qaldırılmasına kömək göstərir,
qarşılıqlı maraqlara əsaslanan strateji əlaqələrin daha da inkişaf
etdirilməsi üçün mühüm mərhələ rolunu oynayır.

∙ Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın
müvafiq bəndinə uyğun olaraq regionda kommunikasiyaların açılması
istiqamətində praktiki addımlar atır. Bu xüsusda, Zəngəzur
dəhlizinin açılması üzrə öhdəliklərin yerinə yetirilməsi zəruridir.
Bu, bölgənin tam potensialından istifadəyə, həm də sülh quruculuğu
prosesinə mühüm töhfə verə bilər.

Nazir Ceyhun Bayramov daha sonra, konfrans iştirakçılarını
maraqlandıran sualları cavablandırıb.

Noyabrın 26-dək Bakı və Ağdamda davam edəcək tədbirdə, Türkiyə,
ABŞ, Belçika, Birləşmiş Krallıq, Bolqarıstan, Kanada, Misir,
Fransa, Gürcüstan, İsrail, İtaliya, İsveçrə, Özbəkistan, Pakistan,
Polşa, Rumıniya, Rusiya beyin mərkəzlərinin nümayəndələri iştirak
edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir