Daha 16 Azərbaycan vətəndaşı Suriyadan ölkəmizə repatriasiya edilib

Bakı. Trend:

24 noyabr 2022-ci il tarixində Suriya Ərəb Respublikasının
ərazisində yerləşən düşərgələrdə saxlanılan 16 nəfər Azərbaycan
Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata
keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 13 nəfəri uşaq və 3
nəfəri qadın olan repatriantların ölkəmizə gətirilməsi Azərbaycan
Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və
koordinasiyalı tədbirlər nəticəsində baş tutub. Onların yeri,
şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti
müəyyən edildikdən sonra Türkiyə Respublikası ərazisindən tranzit
keçidinə nail olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına
məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə
Respublikasına ezam olunub, repatriantların ilkin tibbi və
psixoloji müayinəsinin həyata keçirilməsi təmin edilib.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi
tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız
“Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və uçuş
biletləri ilə təmin edilib. 24 noyabr 2022-ci ildə isə nümayəndə
heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə
repatriasiyası həyata keçirilib.

Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin
reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin
görülməsi nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, bu günədək İraq və Suriyadan 380 uşaq və
29 qadın olmaqla cəmi 409 nəfər vətəndaşımızın Azərbaycana
repatriasiyası həyata keçirilib.

Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və
ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, öz
vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində
xarici ölkələrdə çətin vəziyyətə düşmüş Azərbaycan Respublikası
vətəndaşlarının repatriasiyasına dair zəruri tədbirləri gələcəkdə
davam etdirəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir