DİN Ucardakı yanğınla bağlı məlumat yayıb

Bakı. Trend:

Bu gün saat 12 radələrində Ucar Rayon Polis Şöbəsinə rayonun
Təzə Şilyan kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin
birində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil
olub.

DİN-dən Trend-ə bildirilib ki, daxil olan məlumatla əlaqədar
polis əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. Bu zaman
yanğının baş verdiyi evdə bir nəfər vətəndaşın köməksiz vəziyyətdə
qalması müəyyən edilib və hadisə yerinə gələn post-patrul xidməti
bölüyünün əməkdaşı, polis serjantı Səfər Səfərli həmin şəxsi xilas
etmək üçün yanğın baş verən evə daxil olub.

Polis əməkdaşının operativ müdaxiləsi nəticəsində vətəndaşın
həyatı xilas edilib və o, xidməti avtomobillə Ucar rayon mərkəzi
xəstəxanasına çatdırılıb.

Evdə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin
əməkdaşlarının səyi nəticəsində söndürülüb və yaxınlıqda olan digər
tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir