Ermənistan normallaşma prosesinə və bölgədə sülhün bərqərar olması səylərinə maneçilik törədir -XİN

Bakı. Trend:

Xarici İşlər Nazirliyi Azərbaycan ərazilərində Ermənistan
istehsalı yeni minaların aşkarlanması və davam edən mina təhdidi
barədə məlumat yayıb.

Trend-in məlumatına görə məlumatda deyilir:

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat
verildiyi kimi, Sarıbaba yüksəkliyinin şimal istiqamətində
Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı
dəstələri tərəfindən basdırılmış 2021-ci il Ermənistan istehsalı
350 ədəd PMN-Э tipli piyada əleyhinə minalar aşkarlanıb. Qeyd edək
ki, cari ilin avqust ayından etibarən sözügedən minalar daxil,
Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər və Laçın sahəsində
1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd 2021-ci il
Ermənistan istehsalı minalar (ümumilikdə 2728) aşkarlanaraq
zərərsizləşdirilmişdir.

Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan
ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin
komandanı general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə
Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri general-mayor
Fatih Akpınar və Rusiya kontingentinin rəhbəri kontr-admiral Oleq
Semyonov noyabrın 23-də minalı ərazilərə və minalara baxış
keçiriblər. 24 noyabr tarixində əraziyə Azərbaycanda akkreditə
olunmuş xarici ölkələrin hərbi attaşeləri və jurnalistlər də səfər
ediblər.

Qeyd olunan hallar Ermənistanın 10 noyabr 2020-ci il tarixli
Üçtərəfli bəyanatın 4-cü bəndinə zidd şəkildə qüvvələrini
Azərbaycan ərazisindən tam çıxarmamaqla yanaşı, Üçtərəfli bəyanatın
6-cı bəndini kobudcasına pozaraq minaların ötürülməsi ilə
Ermənistanın Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətləri üçün
sui-istifadə etdiyini və bununla Azərbaycana qarşı təxribatlar
törətdiyini bir daha nümayiş etdirir.

Ermənistan tərəfindən Azərbaycan ərazilərində hərbi
təxribatların davam etməsi, qüvvələrini tam şəkildə ərazilərimizdən
çıxarmaması, ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının
davam etməsi post-münaqişə dövründə aparılan genişmiqyaslı
bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki
əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz
yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdəndir.

Xatırladırıq ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından
etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər
çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak
olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir.

Qeyd edilənlər bir daha göstərir ki, Ermənistan normallaşma
prosesinə və bölgədə sülhün bərqərar olması səylərinə maneçilik
törədir. Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir,
beynəlxalq humanitar hüququn və Ermənistanın Üçtərəfli bəyanat
çərçivəsində üzərinə götürdüyü öhdəliklərinin ciddi
pozuntusudur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir