İranın Ermənistanla həmrəyliyinin arxasında nələr dayanır? – Kamaləddin Qafarov

Bakı. Trend:

“Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət
sayəsində Azərbaycanın müsəlman ölkələri ilə əlaqələrini getdikcə
möhkəmləndirməsi, İslam dünyasının birlik və bütövlüyünə dəyərli
töhfələr verməsi fonunda yaxın qonşumuz İran İslam Respublikasının
ölkəmizə qarşı sərgilədiyi münasibət və davranış tərzi qətiyyən
İslam həmrəyliyi formatına uyğun deyil.” Bu sözləri mətbuata
açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

K.Qafarovun fikrincə, əslində, İranı heç də bütün qonşuları ilə
ixtilafda olmaqda, onlara qarşı təxribatlar törətməkdə ittiham
etmək olmaz:” Əksinə, bəzi qonşuları ilə münasibətdə İran kifayət
qədər birlik və həmrəylik nümayiş etdirir. Amma məsələ ondadır ki,
rəsmən İslam dövləti statusuna sahib bu ölkənin həmrəyliyi,
nədənsə, müsəlman ölkəsi olan Azərbaycanla deyil, məscidləri
dağıdan və təhqir edən, ibadətgahlarımızda donuz saxlayan
Ermənistanla münasibətlərində özünü göstərir. Bu həmrəyliyi ilə
fəxr edən İran sanki erməni vandallarının hərəkətlərini təqdir
edirmiş kimi, Qafanda öz konsulluğunu da açır. 30 il davam edən
işğal dövründə Azərbaycanın sərvətlərinin ermənilər tərəfindən
talan edilməsində bilavasitə iştirakı, işğal altında olan Qarabağda
at oynadan separatçılara silah-sursat daşınmasını həyata keçirməsi,
minlərlə günahsız müsəlmanın vəhşicəsinə qətlə yetirilməsinə göz
yumması azmış kimi, bu gün də İran Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşmasını əngəlləmək üçün əlindən gələni
edir. Xüsusilə də Zəngəzur dəhlizinin açılmasına hər vəchlə mane
olmağa çalışan İran uzun illərdən bəri beynəlxalq narkoticarət
marşrutunun əlndən çıxması ilə də heç cür barışa bilmir.”

Deputat qeyd edib ki, İranın Azərbaycana qarşı düşmənçilik
siyasəti təkcə işğal altında olan ərazilərimizdə fəaliyyətində
deyil, həmçinin ölkəmizdə daim təxribatlar və iğtişaşlar törətmək
cəhdlərində də özünü göstərib: “ Ölkəmizin ərazisində
dini-ekstremist qruplaşmaların yaradılması, dini zəmində
iğtişaşların törədilməsinə cəhdlər göstərilməsi İranın müstəqil
Azərbaycana qarşı əsl münasibətinin təzahürləridir. Lakin
Azərbaycan cəmiyyəti də, dövləti də bu kimi hücumlardan sarsıla
biləcək durumda deyil. Belə cəhdlərin qarşısı bir tərəfdən
xalq-iqtidar birliyi, digər tərəfdən də təhlükəsizlik orqanlarının
qüsursuz işi ilə qətiyyətlə alınır və bundan sonra da alınacaq.
İran özü də bunu çox gözəl başa düşür və məhz buna görə də bu gün
artıq yarıgizli təxribat cəhdləri daha çox aşkar əzələ nümayişi
aktları ilə əvəz olunur. İran sərhədlərimizə qoşun toplayır, 30 il
ərzində bircə dəfə belə olsun keçirmədiyi hərbi təlimlər təşkil
edir. Hər şey isə daha sadədir. İran rejimi sadəcə olaraq
inteqrasiya oluna bilmədiyi dünyanı mümkün qədər təşviş içərisində
saxlamağa, əli çatdığı ölkələrdə isə xaos və dağıntılar hesabına öz
mövqeyini möhkəmlətməyə çalışır.”

K.Qafarov bildirib ki, İranın indiyədək guya ki, “himayə” etdiyi
müsəlman ölkələrinin düşdükləri acınacaqlı vəziyyət də cənub
qonşumuzun siyasi və hərbi acizliyinin daha bir sübutudur: “Artıq
uzun illərdir ki, Yaxın və Orta Şərqdə yaşanan bütün hərbi
münaqişələrdə İran bu və ya digər şəkildə iştirak edir. Həm də
rəsmi Tehranın ideoloji təbliğat maşını dünyada, xüsusən də
müsəlman aləmində belə bir yanlış rəy yaratmağa çalışır ki, guya bu
ölkənin bütün hərəkətləri İslam təəssübkeşliyi əsasında
istiqamətlənir. Lakin bu “təəssübkeşliyin” məhz müsəlman ölkələrinə
necə baha başa gəldiyini İraq, Suriya, Əfqanıstan, Livan, Yəmən,
Fələstin və Bəhreynin timsalında açıq-aşkar görmək mümkündür. Bu
gün İran bir tərəfdən öz daxilində Azərbaycana hərbi müdaxilə üçün
ictimai rəy formalaşdırır, digər tərəfdən də ölkəmizdə dini
qüvvələrin siyasiləşdirilməsi istiqamətində iş aparmaq, dini və
milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik
yaratmaq istiqamətində səylər göstərir. Lakin Azərbaycan bu gün
bütün təhdidlərin qarşısını almağa, istənilən təxribatlara qarşı
lazımi şəkildə cavab verməyə qadir bir ölkədir və bu ölkə ilə hədə
və təhdid dilində danışmaq heç kimə fayda verməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir