KOBİA sədri aqrar sektorda sahibkarların üzləşdiyi problemləri açıqlayıb

Bakı. Trend:

Aqrar sektor gündəlik həyatımızda əhəmiyyətli rol oynayır və bu,
sektorun malik olduğu və davamlı olaraq artan çoxşaxəli
funksiyaları ilə izah olunur. Aqrar sektor ərzaq təminatı mənbəyi
olmaqla yanaşı, dünya əhalisinin 28%-i üçün məşğulluq imkanları,
digər mühüm sənaye sektorları üçün xammal və qlobal miqyasda 3.4
trilyon ABŞ dolları həcmində əlavə dəyər təmin edir.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov 24-də “Məsləhət
xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və
ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər
zəncirlərinin yaradılması və inkişafı’’ layihəsi üzrə Bakı
konfransında deyib.

O qeyd edib ki, ötən dekada ərzində aqrar sektorun yeni inkişaf
trendlərindən biri də səyahətçilər arasında geniş istifadə olunan
aqroturizmdir.

“Aqroturizmin əsas üstünlüyü fermerlərə kənd təsərrüfatı
məhsullarının istehsalından savayı əlavə, ən əsası, dayanıqlı gəlir
mənbəyi təmin etməsidir. Ölkə üçün isə bu regionlarda məşğulluğun
artırılması və xarici valyutanın gətirilməsi deməkdir.

Qeyd olunanlar və ərzaq təhlükəsizliyində əhəmiyyəti nəzərə
alınaraq, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi aqrar sektorda
fəaliyyət göstərən biznes subyektlərinin inkişafına xüsusi diqqət
yetirir. Ötən dövrlərin statistikasına əsasən, kənd təsərrüfatı
sektorunda istehsal olunmuş mal və xidmətlərin ümumi dəyərinin
70%-dən çox hissəsi KOB-lar tərəfindən yaradılmışdır və bu
kateqoriyadan olan bizneslər sektorda əsas kapitala il ərzində 190
milyon manata qədər investisiya yatırmışlar. Apardığımız
təhlillərin və keçirilmiş sahəvi görüşlərin nəticəsi əsasında
söyləyə bilərik ki, aqrar sığorta mexanizminin tətbiqi, suvarma
suyu ilə bağlı çətinliklər, keyfiyyətli aqronom və digər məsləhət
xidmətlərinə əlçatanlıq, subsidiya və digər maliyyələşdirmə
mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac, qida təhlükəsizliyi
sahəsində sənədləşdirmə prosedurlarında çətinlik, texnoloji
avadanlıqların köhnəlməsi, bazarlara çıxış və s. aqrar sahədə
fəaliyyət göstərən sahibkarları narahat edən başlıca
məsələlərdəndir”, – deyə O.Məmmədov bildirib.

O qeyd edib ki, KOBİA mandatı çərçivəsində müxtəlif sektorlarda,
o cümlədən aqrobiznes sferasında fəaliyyət göstərən bizneslərə bir
sıra dəstək mexanizmləri təqdim edir.

“Onların sırasında daxili bazar araşdırmalarına dəstək, elm,
tədqiqat, dəstək və innovativ proqramlar üzrə qrantların verilməsi,
təcrübə mübadiləsi proqramı və digərlərini qeyd etmək olar.
Müxtəlif regionlarda fəaliyyət göstərən KOB İnkişaf Mərkəzlərində
təlimlər və məsləhət xidmətlər ödənişsiz əsasda həyata keçirilir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin icra etdiyi layihəyə cəlb
olunmuş fermerlərə də bu mərkəzlər tərəfindən biznes planlarının
hazırlanmasına dəstək göstərilmişdir. Agentliyimiz tərəfindən
verilən startap sertifikatları vasitəsilə sahibkarlar 3 il
müddətində vergi güzəştini əldə edirlər. Bugünə qədər aqrar sahə
ilə bağlı 6 startap müvafiq şəhadətnamə almışdır. Agentliyin önəmli
dəstək mexanizmlərindən olan KOB dostları isə fəaliyyət göstərdiyi
yerlərdə biznes subyektləri ilə birbaşa ünsiyyətdə olur, onların
təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərir.

Ölkəmizdə aqrar sektorda yeni, dayanıqlı dəyər zəncirinin, eləcə
də yüksək əlavə dəyərin yaradılmasına təkan verəcək bir sıra
təşkilati-fəaliyyət formalarının tətbiqi üçün də geniş
perspektivlər mövcuddur. Bu baxımdan, bir sıra vergi güzəştlərini
nəzərdə tutan KOB klasterlərinin yaradılmasını qeyd etmək olar.
Hazırda sözügedən modelin tətbiqi ilə bağlı normativ və tənzimləmə
bazasının tamamlanması üzərində işlər gedir. Aqrar sektorda müasir
tələblərə cavab verən infrastrukturun yaradılmasında dövlət-özəl
sektor tərəfdaşlığı, beynəlxalq terminologiya ilə desək PPP
layihələrinin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə “Tik –
İdarə et – Təhvil ver” modeli üzrə qanunvericilik bazası vardır və
PPP layihələrinin dəstəklənməsi, əlaqələndirilməsi və bu tip
layihələrdə KOB-ların iştirakının genişləndirilməsi məqsədilə
KOBİA-nın strukturunda Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı
Mərkəzi fəaliyyət göstərir”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir