Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığı Senatının sədri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına rəsmi
səfəri çərçivəsində Kamboca Krallığı Senatının sədri Vibolsena
Fikdei Say Çum ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən
məlumata görə, Azərbaycan parlament sədrini səmimiyyətlə salamlayan
Say Çum parlamentlərimiz arasında əməkdaşlıqdan məmnunluğunu
bildirərək, əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı
olduqlarını bildirib. O, xüsusilə, beynəlxalq parlament
təşkilatlarında əməkdaşlığı qeyd edib. Bildirib ki, Kamboca
Qoşulmama Hərəkatı və onun Parlament Şəbəkəsində fəaliyyətə böyük
əhəmiyyət verir. O, Azərbaycanın təşəbbüsü ilə Şəbəkənin
yaradılmasına və Bakı şəhərində təşkilatın birinci konfransının
yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına səfərdən
məmnunluğunu ifadə edərək, göstərilən qonaqpərvərliyə, Azərbaycanın
ASEAN Parlament Assambleyasına müşahidəçi üzv kimi qəbul olunmasına
dəstəyə görə təşəkkür edib. O, səfər çərçivəsində Kambocada
keçirdiyi görüşlərin və aparılan danışıqların parlamentlərimiz
arasında uğurlu əlaqələri təsdiq etdiyini bildirərək, əməkdaşlığın
daha da genişləndirilməsi üçün dostluq qruplarının qarşılıqlı
fəaliyyətinin önəmini vurğulayıb.

Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin
Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament ölçüsünün
inkişaf etdirilməsi təşəbbüsünə uyğun olaraq, Şəbəkənin
yaradılması, onun təsis yığıncağı, Bakıda keçirilən birinci
konfransı, hazırda təşkilatın institusional inkişafı üçün görülən
işlər, qarşıda duran vəzifələr haqqında geniş məlumat verib. Sahibə
Qafarova Parlament Şəbəkəsinin sədri olaraq bildirib ki, Parlament
Şəbəkəsi ASEAN PA da daxil olmaqla digər parlament təşkilatları ilə
fəal əlaqə quraraq ümumi hədəflərə töhfə verməyə hazırdır.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın uğurlu inkişafı,
ölkəmizin beynəlxalq təşəbbüsləri, 2020-ci ildə Vətən müharibəsində
əldə olunan qələbə ilə torpaqlarımızın Ermənistanın işğalından azad
edilməsi və ərazi bütövlüyümüzün bərpası, işğal dövründə Ermənistan
tərəfindən şəhər və rayonlarımızın, infrastrukturun, tarixi və
mədəniyyət abidələrinin tamamilə dağıdılması və talan edilməsi,
hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan böyük
quruculuq və bərpa işləri haqqında ətraflı məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir