Milli Məclisin sədri Sahibə Qafarova Kambocanın baş naziri ilə görüşüb (FOTO0

Bakı. Trend:

Noyabrın 24-də Milli Məclisin sədri Sahibə Qafarova Kamboca
Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Akka
Moha Sena Padei Teko Hun Sen ilə görüşüb.

Milli Məclisdən Trend-ə bildirilib ki, Kamboca Krallığının Baş
naziri Hun Sen Azərbaycan parlamentinin rəhbərini səmimiyyətlə
salamlayaraq, Milli Məclisin ASEAN Parlamentlərarası Assambleyasına
müşahidəçi üzv qəbul olunması münasibətilə təbriklərini
çatdırıb.

Baş nazir 2014-cü ildə Azərbaycanda səfərdə olduğunu
xatırladaraq, ölkəmiz və paytaxt Bakı haqqında xoş təəssüratlarını
bölüşüb. O, 1980-ci illərdə də Azərbaycanda olduğunu və xalqımızın
Ümummilli lideri Heydər Əliyevlə 2 dəfə görüşdüyünü bildirib. Hun
Sen Heydər Əliyevin dünya səviyyəsində tanınan dövlət xadimi
olduğunu və Azərbaycan dövlətinin inkişafı üçün böyük işlər
gördüyünü qeyd edib.

Ölkəsinin Azərbaycanla münasibətləri müxtəlif istiqamətlərdə
inkişaf etdirmək istədiyini söyləyən Baş nazir beynəlxalq
təşkilatlarda əməkdaşlığın, o cümədən, Qoşulmama Hərəkatında
təmsilçiliyin əhəmiyyətini qeyd edib. Hun Sen ölkəmizin təşkilata
uğurlu sədrliyini, həmçinin, Azərbaycan Prezidentinin təşəbbüsü ilə
yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin əhəmiyyətini
vurğulayıb.

Milli Məclisin sədri Kamboca Krallığına səfərindən, burada
keçirdiyi görüşlərdən məmnunluğunu bildirib, göstərilən yüksək
qonaqpərvərliyə görə təşəkkür edib.

Milli Məclisin sədri parlamentlərimiz arasında qarşılıqlı
fəaliyyətin dövlətlərimiz arasında əlaqələrin daha da inkişafına
müsbət təsirini qeyd edərək, ikitərəfli və çoxtərəfli
parlamentlərarası əlaqələrimizi inkişaf etdirməyin, həmçinin,
dostluq qruplarının fəaliyyətinin, deputatlarımız arasında
əməkdaşlığın önəmini vurğulayıb.

Spiker Sahibə Qafarova Azərbaycanın iştirakı ilə həyata
keçirilən irimiqyaslı layihələr, beynəlxalq məsələlərin həllinə
dair qlobal təşəbbüsləri haqqında Baş nazirə məlumat verib. O,
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə görülən işləri
diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Prezidenti cənab İlham
Əliyev Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament
ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünü irəli sürüb və 2021-ci
ildə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis olunub. Spiker
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, təşkilatın
qarşısında duran vəzifələr haqqında geniş məlumat verib, Parlament
Şəbəkəsinin digər parlamentlərarası təşkilatlarla əməkdaşlığını
genişləndirməyə çalışdığını söyləyib.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın Vətən müharibəsində
qazandığı tarixi Zəfərlə öz torpaqlarını 30 illik işğaldan azad
etməsi, regionda sülh və sabitliyin təmin olunması istiqamətində
səyləri haqqında da məlumat verib. Sahibə Qafarova nəzərə çatdırıb
ki, müharibənin başa çatmasından iki ilə yaxın vaxt keçsə də,
Ermənistan əldə olunan razılaşmalara əməl etməkdən boyun qaçırır,
regionun sülh gündəliyinin irəliləməsinə maneə törədir. Spiker
Ermənistanın 30 illik işğal dövründə Azərbaycanın şəhər və
rayonlarını, infrastrukturu, mədəni və tarixi abidələri tamamilə
dağıtması haqqında da danışıb. O, qeyd edib ki, Azərbaycan işğaldan
azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və tikinti işləri
həyata keçirir, bu ərazilərimiz bərpa edilir. Lakin Ermənistanın bu
ərazilərdə basdırdığı çoxlu sayda mina bərpa işlərinə ciddi əngəl
törədir. Sahibə Qafarova diqqətə çatdırıb ki, iki il əvvəl müharibə
başa çatandan indiyədək mina partlayışları nəticəsində, təxminən
270 azərbaycanlı həlak olub və ya ağır yaralanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da
fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Milli Məclisin sədri Sahibə Qafarova Kambocanın
Baş nazirinə “Qarabağ: işğaldan əvvəl və sonra” adlı kitabı təqdim
edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir