Paşinyanın KTMT-dəki növbəti siyasi fiaskosu – Hərbi blokun üzvləri Bakını müdafiə edir

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhükəsizlik
Müqaviləsi Təşkilatının (KTMT) ötən gün İrəvanda keçirilən iclasını
Azərbaycana qarşı növbəti təzyiq şansı kimi qiymətləndirirdi.
Düşünürdü ki, təşkilatın sədri Ermənistan olduğu üçün üzv dövlətlər
İrəvanın mövqeyi ilə hesablaşacaq. Paşinyan isə bu fürsətdən
istifadə edərək Azərbaycanın “təcavüzkar” adlandırılmasına nail
olacaq. Amma iclasın nəticəsi göstərdi ki, üzv dövlətlər üçün
İrəvanın bu təşkilatdakı varlığının və mövqeyinin bir önəmi
yoxdur.

KTMT İrəvanda keçirilən sammitində nə baş
verdi?

– Erməni baş nazirin Təşkilat üzvlərinin Azərbaycana qarşı qərar
qəbul etməsinə yenə nail ola bilməyib. Ona görə də Ermənistan
rəsmiləri KTMT-nin mövqeyini tənqid edir, Təşkilatın ölkələri üçün
heç bir yararı olmadığını deyirlər;

– Nikol Paşinyan KTMT-nin bəyannaməsini imzalamaqdan imtina
edib. Erməni baş nazir deyib ki, KTMT KTŞ-nin Bəyannaməsi və
Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə
tədbirlər haqqında” layihəsi yetərincə işlənməyib. Bu səbəbdən
sənədləri imzalamağa hazır deyil. Paşinyanın bu qərarı təşkilat
üzvləri tərəfindən tənqid olunub;

– Təşkilatın Ermənistanda keçirilən iclasının İrəvan üçün başqa
bir uğursuz tərəfi də var. Növbəti bir ildə təşkilata Belarus
sədrlik edəcək. Təşkilatın sədri isə Qazaxıstanın nümayəndəsi
İmanqali Tasmaqambetov seçilib. Hər iki dövlətin Azərbaycanla yaxın
əlaqələrini nəzərə alsaq, bu qərarların da Ermənistanın xeyirinə
olmadığını deyə bilərik. Ümumilikdə, növbəti bir il ərzində də
İrəvanın KTMT-dəki əl-qolu bağlı qalacaq. Sonrakı bir ildə
Ermənistanın təşkilatda qalıb-qalmayacağını isə zaman göstərəcək.
Çünki erməni cəmiyyəti Paşinyanın rəhbərliyi ilə KTMT-yə qarşı
birləşir və ölkənin hərbi blokdan çıxmasını tələb edir.

Göründüyü kimi, İrəvan KTMT tərkibində parçalanmanı
dərinləşdirməyə, təşkilatın nüfuzuna zərbə vuracaq addımlar atmağa
davam edir. Nikol Paşinyanın bəyannaməni imzalamaması təşkilat
daxilində ciddi fikir ayrılıqlarının olduğunu ictimailəşdirmiş
olur. Təbii ki, Paşinyanın bu mövqeyi Rusiyanın nüfuz dairəsində
olan təşkilatın zəiflədilməsinə yönəlmiş addımdır. Erməni baş
nazirin Rusiyaya qarşı siyasi mövqeyini nəzərə alsaq, prosesin
ssenari üzrə getdiyini deyə bilərik.

Müşahidələr göstərir ki, Paşinyan bir çox hallarda
təcrübəsizliyindən də siyasi səhvlərə yol verir. O düşünür ki, KTMT
yalnız Ermənistanın maraqlarına uyğun qərarlar qəbul etməlidir.
Amma beynəlxalq münasibətlər elə qurulub ki, hər dövlətin öz marağı
var. Məsələn, Belarus Ermənistanla bir hərbi blokda olsa da,
İrəvanla düşmən olan Bakıya qarşı qərar vermək istəmir. Çünki
Minskin Bakı ilə münasibətləri yaxşıdır, maraqlarımız üst-üstə
düşür.

Belarus rəhbərliyi isə Ermənistanı müttəfiq kimi görmür, adi
dövlət kimi yanaşır. Ermənistana laqeyd münasibətin səbəbi isə
İrəvanın bölgəyə nə siyasi, nə də iqtisadi təsirinin olmamasıdır.
Siyasi və iqtisadi təsiri olmayan dövlətin maraqları niyə müdafiə
olunmalıdır?

Digər tərəfdən, başda KTMT üzvləri olmaqla dünyanın əksər
dövlətləri Ermənistanın Azərbaycana qarşı yürütdüyü qərəzli
siyasətin əyani şahididir. Bu məqam da Ermənistanın üzv olduğu
təşkilatlarkı mövqeyinin zəifləməsinə təsir edir. Yəni əksər
dövlətlər haqlının, Azərbaycanın yanında olmağı seçir.

Hadisələrin gedişindən aydın olur ki, rəsmi İrəvan həm KTMT-də,
həm də Azərbaycanın təsir etdiyi digər beynəlxalq təşkilatlarda
məğlubiyyətə məhkumdur. Çünki bir tərəfdən KTMT dövlətləri ilə
yaxın münasibətimiz, digər tərəfdən isə böyük iqtisadi
potensialımız, hərbi gücümüz və siyasi proseslərə təsirimiz
Ermənistanın əl-qolunu bundan sonra da bağlı saxlayacaq. Gərək
Ermənistan rəhbərliyi KTMT və digər beynəlxalq təşkilatlar
qarşısında Azərbaycanla bağlı hər hansı iddia qaldıranda bu
nüansları nəzərə alsın. İrəvan belə siyasi səhvlərə yol verdiyi
müddətdə fiasko ilə üzləşməyə davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir