Səhiyyə Nazirliyində Belçikanın tibbi avadanlıq istehsalı üzrə aparıcı şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Bakı. Trend:

Azərbaycan Səhiyyə Nazirliyində Belçikanın tibbi avadanlıq
istehsalı üzrə aparıcı şirkətlərinin nümayəndələri ilə görüş
keçirilib. Görüşdə həmçinin Belçikanın ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Mişel Pitermans da iştirak edib.

Nazirlikdən Trend-ə verilən
məlumata görə, giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur
Musayev son illər ölkələrimiz arasında əməkdaşlığın dinamik şəkildə
inkişaf etdiyini qeyd edib. Onun sözlərinə görə, dövlət
başçılarının müntəzəm görüşləri, eyni zamanda hökumət üzvlərinin
qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə
münasibətlərin inkişafında mühüm rol oynayır.

Ölkələrimiz arasında səhiyyə sahəsində də məhsuldar əməkdaşlıq
əlaqələrin mövcudluğunu vurğulayan nazir bildirdi ki, yüksək
keyfiyyətli müalicəsi ilə tanınan Belçika Səhiyyə Xidməti dünyada
ən yaxşılardan hesab olunur: “Eyni zamanda, Belçika əczaçılıq və
tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı
ölkələrindən biridir”.

Öz növbəsində İBA-nin Rusiya və MDB ölkələri üzrə
vitse-prezidenti Kirill Makarenko və “Orfit Industries” şirkətinin
nümayəndəsi Yoxan Foke Azərbaycanla əməkdaşlığın daha da yüksək
səviyyədə olmasında maraqlı olduqlarını vurğuladılar. Bildirildi
ki, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi üçün yüksək
texnologiyalı tibbi avadanlıqlar istehsal edən İBA şirkəti proton
terapiyası və dozimetriya sahəsində liderdir. Həmçinin şüa
müalicəsinin istifadəsində fiksəedici avadanlıqlar istehsal edən
“Orfit Industries” şirkəti xəstələrin immobilizasiyası və
yerləşdirilməsi üzrə dünya üzrə aparıcı təchizatçıdır.

Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə
müzakirə apardılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir