Şəmkirin sabiq icra başçısı özünü ittihamlarda təqsirli bildi

Bakı. Trend:

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirin sabiq icra başçısı
Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Nural Əliyevin sədrliyi ilə
keçirilən iclasda ittiham aktı elan olunub.

İttihamda göstərilib ki, Alimpaşa Məmmədov rayon İcra
Hakimiyyətinin başçısı olduğu müddətdə xidmət üzrə ümumi
himayədarlıq və laqeydlik müqabilində birbaşa özü üçün şəxsən və
vasitəçidən istifadə edərək pul vəsaitlərini və əmlak qismində
maddi əşyaları istəyərək qəbul etməklə təkrar külli miqdarda rüşvət
alıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək fiziki və
hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, eləcə də
cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə
səbəb olan ziyan vurub.

Alimpaşa Məmmədov Şəmkir şəhər bələdiyyəsi tərəfindən təsis
edilmiş Şəmkir şəhərində yerləşən 1 milyon 335 min manat dəyərində
“Natural” su və cem istehsalı zavodu olan “Abad Şəmkir” MMC-nin
şəhər bələdiyyəsinə məxsus bütün paylarının 2018-ci ildə oğlu Adil
Məmmədova, 2020-ci ildə isə Fərid İslamzadəyə cəmi 180 manata
satılmasını təmin edib.

Həmçinin Alimpaşa Məmmədov dəyəri 3 milyon 344 min manat olan
“Çinarlı qəsəbə” MMC-nin Şəmkir rayonu, Çinarlı bələdiyyəsinə
məxsus bütün paylarını təsisçiləri-oğlu Adil Məmmədov, köməkçisi
Mahir Əliyev və Orxan Məmmədli olan “Şəmkir səbəti” MMC-yə cəmi 40
manata satılmasını təmin edib.

Bundan başqa, o, vəzifəli şəxs kimi rəsmi sənədlərə və
informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə
vəzifə saxtakarlığı törədərək külli miqdarda özgə əmlakını təkrar
mənimsəmə və israfetmə yolu ilə talayıb, qulluq mənafeyindən
istifadə etməklə cinayət yolu ilə əldə etdiyi xüsusilə külli
miqdarda pul vəsaitlərini təkrar leqallaşdırıb.

İttihamda qeyd olunub ki, Alimpaşa Məmmədov rayon İcra
Hakimiyyətinin başçısı olduğu müddətdə müxtəlif şəxslərdən rüşvət
qismində aldığı pulların böyük qismini köməkçisi Mahir Əliyevin,
digər qismini isə birinci müavini və şəhər memarlıq şöbəsinin rəisi
vasitəsilə öz xidməti otağında alıb.

O, əldə etdiyi pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək
məqsədilə həmin pulu oğlu Adil Məmmədovun adına təsis olunmuş “Az
Farel” MMC-nin tikinti xərclərinə yönəltməklə cinayət yolu ilə əldə
etdiyi pul vəsaitlərini təkrar leqallaşdırıb.

Qeyd olunan əməllərə görə Alimpaşa Məmmədova Cinayət
Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə
səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar,
külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.
Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı
üzərinə həbs qoyulub.

Prosesdə ittihama münasibət bildirən A. Məmmədov özünü təqsirli
bilib.

Proses dekabrın 8-də davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir