“Show Me Azerbaijan” (Mənə Azərbaycanı göstər) layihəsinə start verildi (FOTO)

Bakı. Trend:

23 noyabrda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Avrasiya
Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) təşəbbüsü ilə
bu ilin 20-27 noyabr tarixlərində “Show Me Azerbaijan”
(Mənə Azərbaycanı göstər)
layihəsi çərçivəsində bir qrup
xarici blogerin ölkəmizə səfəri başlayıb.

ABŞ, Fransa, İspaniya, İndoneziya, Qazaxıstan, Türkiyə, Misir və
ümumilikdə sayı 10-dan çox ölkəni təmsil edən blogerləri qəbul edən
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri
Read Qasımov onlara bu yerin tarixi əhəmiyyəti haqqında məlumat
verib. Qonaqlar İçərişəhər Qoruğu ilə tanış olaraq, tarixi abidələr
haqqında məlumatlar əldə ediblər.

Daha sonra xarici blogerlər Qarabağla keçirilən təqdimatlarda
iştirak ediblər. Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev
şəhər dağıntısı mənasını verən urbisid anlayışı, slaydlarla Şuşa,
Füzuli, Ağdamda erməni işğalı nəticəsindən öncə və sonra dağıntıya
məruz qalmış abidələr, eləcə də təmsil etdiyi qurumun son iki il
ərzində tarixi abidələrinin (Üzeyir Hacıbəyovun heykəli, Şuşa Xalça
Muzeyi, Şahbulaq qəsrinin) bərpası, ağıllı parkların yaradılması,
çayların bərpası istiqamətində görülən işlərdən bəhs edib.

Dünya şöhrətli fotoqraf Reza Deqhati Qarabağın müxtəlif
bölgələrinə etdiyi səfərlər zamanı dağıntıları əks etdirən
şəkilləri nümayiş etdirərək, öz təəssüratlarını onlarla
bölüşüb.

Azərbaycan Turizm Agentliyinin nümayəndəsi Nuray Əhmədova
Azərbaycanın turizm potensialı və marşrutları, təbiət və istirahət
məkanları, xaricdən ölkəyə səfər etmək qaydaları, eləcə də
Azərbaycanın hazırda iştirak etdiyi “Ənənəvi yemək mədəniyyəti”
(Slow food) beynəlxalq layihəsi haqda məlumatlar verib.

Qeyd etmək lazımdır ki, xarici blogerlər gün ərzində Bakı
haqqında videolar hazırlayaraq paylaşımlar ediblər.

Layihənin əsas məqsədi Azərbaycan Respublikası prezidentinin bu
ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar bu şəhərə ediləcək səfər
çərçivəsində (Show Me Azerbaijan – Beynəlxalq blogerlərin Şuşa
düşərgəsi) xarici blogerləri Qarabağın təbiəti, mədəni abidələri və
tarixi yerləri, xüsusilə, Şuşanın Azərbaycana aid olmasını sübut
edən mədəni irsi, o cümlədən, erməni işğalının nəticəsi kimi
yaşayış məntəqələrinin və mədəni abidələrin vandalizmə məruz
qalması, eyni zamanda bu şəhər işğaldan azad edildikdən sonra
həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış etmək,
sonda onların səfər təəssüratlarını dünyaya yaymaqdır.

Qeyd etmək lazımdır ki, İƏGF Avrasiya Regional Mərkəzinin
təşəbbüsü ilə keçən il ərzində analoji tədbirlər uğurla həyata
keçirilib. Belə ki, “Show Me Azerbaijan” layihəsi
çərçivəsində 8 ölkədən 13 bloger, o cümlədən, ABŞ və Əlcəzairdən
olan 3 tanınmış videobloger işğaldan azad edilmiş ərazilərə səfər
edərək, erməni işğalı nəticəsində dağıdılmış yaşayış məskənləri,
tarixi abidələr haqda hazırladıqları videoreportajları yutub
kanallarında yayımlamışlar. Bu reportajlara yeddi milyondan çox
insan baxmışdır. Bu ilin sonuna qədər Qarabağla bağlı blogerlərin
çəkdiyi videoreportajların və onlara baxış sayının artırılması
layihənin əsas məqsədlərindən biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir