“Siyasi partiyalar haqqında” qanun güclü siyasi partiyaların formalaşdırılmasına təşviq edəcək – Sevil Mikayılova

Bakı. Trend:

Azərbaycanda bir çox sahələrdə olduğu kimi, siyasi partiyalar
haqqında qanunvericilik bazasının müasir dövrün tələblərinə uyğun
olaraq təkmilləşdirilməsi zərurəti yaranıb.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil
Mikayılova deyib.

S.Mikayılova qeyd edib ki, “Siyasi partiyalar haqqında” mövcud
qanun 30 il bundan əvvəl qəbul olunub və yenilənmiş qanunun qəbul
olunması cəmiyyətdə mövcud olan fikir və düşüncə azadlıqlarının
siyası hərəkatların sıralarında təşkilatanmasını təmin edəcək.

“Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi
mövcud siyasi partiya rəhbərləri, siyasi xadimlərin iştirakı ilə
müzakirə olunub və bu ictimai müzakirələr kifayət qədər konstruktiv
məcrada aparılıb. Geniş fikir mübadiləsi nəticəsində 47 siyasi
partiya tərəfindən 250-dən çox təklif alınıb. Son müzakirələrdən
sonra ümumilikdə qanun layihəsinə texniki, eləcə də mahiyyət
xarakterli 66 düzəliş edilib.

Cari il iyulun 26-da Milli Məclis tərəfindən “Siyasi partiyalar
haqqında” yeni qanun layihəsinin hazırlanması prosesinə başlandığı
barədə mediada açıqlama verilib. Hətta ilk dəfə olaraq qanun
layihəsi Milli Məclisin plenar iclasına, həmçinin, komitələrin
iclaslarına çıxarılmazdan əvvəl Milli Məclisin saytında
yerləşdirilib. Bu, Milli Məclisin müzakirələrə açıq olduğunu və
ictimai rəyi nəzərə almaqla daha təkmil sənədin qəbul olunmasına
hazır olduğunu göstərir.”, – deyə S.Mikayılova əlavə edib.

Deputat qeyd edib ki, “Siyasi partiyalar haqqında” yeni qanun
layihəsinin hazırlanması zamanı siyasi partiyaların təklifləri ilə
yanaşı, beynəlxalq təcrübə də öyrənilib: “Qanun layihəsinin ictimai
müzakirələrində parlamentdə təmsil olunan və olunmayan partiyalar
iştirak edib. Sənəd siyasi partiyaların daha səmərəli fəaliyyət
göstərməsi məqsədi ilə hazırlanıb və bu sahəddə dövrün tələbinə
uyğun normalar nəzərə alınıb. Layihə birinci oxunuşda parlamentin
plenar iclasına tövsiyə olunub”.

S.Mikayılova onu da əlavə edib ki, “Siyasi partiyalar haqqında”
qanun siyasi sistemin təkmilləşnəsinə xidmət edəcək, güclü siyasi
partiyaların formalaşmasını təşviq edəcək, cəmiyyətdə sağlam siyasi
münasibətlərin qurulması və bundan sonra da demokratik əsaslarla
inkişaf etməsi üçün möhkəm hüquqi özül yaradacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir