Yeni Azərbaycan Partiyasının yaradılması dövrün tələbi idi – Rauf Əliyev

Bakı. Trend:

Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyinə həsr
olunmuş təntənəli tədbirdə Azərbaycan Respublikasının Prezidenti,
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin proqram
xarakterli, dərin məzmunlu nitqi YAP-ın keçdiyi 30 illik çətin və
şərəfli yola və qarşıda duran perspektivlərə həsr olunmuşdur.
YAP-ın hansı ağır şəraitdə yaradılıdığınıdan bəhs edən cənab
Prezident bildirmişdir ki, Azərbaycanın görkəmli nümayəndələri,
vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin
nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə
Ulu Öndərə müraciət ünvanlamışdılar. O vaxt gənc Azərbaycan
Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir
yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir,
bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir.

Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda
keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən
500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları
ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı. Ulu Öndər
Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan
Partiyasının təsis konfransından sonra ölkəmizdə yeni siyasi qüvvə
yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət
partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün
bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım
idi. Müstəqilliyin ilk ilində demokratik dəyərlər elan olunsa da,
Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media
azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların
sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90
faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Nizami ordu
yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi.

YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev
xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi,
11 ay keçəndən sonra – oktyabr ayında isə Azərbaycan
Respublikasının Prezidenti seçildi.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji
xəttini müəyyən edən əsas addımlar atılmışdır. İlk növbədə,
Konstitusiya qəbul edilmişdir. Heydər Əliyev hakimiyyətə gələnə
qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma Konstitusiya yox
idi. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün
zəmində formalaşmışdır. Beynəlxalq təcrid, o cümlədən informasiya
blokadası aradan qaldırıldı. Ulu Öndərin rəhbərliyi ilə çox ciddi
iqtisadi islahatlara start verildi.

Ölkə Prezidenti bu əminliyi ifadə etdi ki, bu gün aparılan
iqtisadi islahatlar – strateji xətt üzrə aparılan islahatlar yaxın
gələcəkdə də bizə əlavə imkanlar verəcək. O cümlədən Qarabağı və
Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə
çatmaq üçün ölkəmizə mütləq güclü iqtisadiyyat bundan sonra da
lazım olacaq.

Hər bir ölkənin inkişafında iqtisadi müstəqilliyin rolu
inkaredilməzdir. İqtisadi cəhətdən başqasından asılı olan ölkələr
müstəqil siyasət həyata keçirməkdə çətinlik çəkirlər. Dövlət
başçısı İlham Əliyevin çıxışlarında bu məqam hər zaman önə çəkilir.
Ölkə Prezidenti sözügedən nitqində də iqtisadi amilin müstəqil
siyasətdə roluna diqqəti yönəldərək bildirdi ki, hər zaman
siyasətimizin ancaq xalqımızın iradəsini əks etdirməsini
istəyirdik. İstəyirdik ki, heç bir kənar qüvvə iradəmizə təsir edə
bilməsin. İqtisadi güc, iqtisadi müstəqillik bütün başqa
sahələrdəki fəaliyyətin təməlidir. Ən mütərəqqi təcrübə
Azərbaycanda tətbiq edilir.

Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, Ulu
Öndərin şəxsiyyətinə dərin hörmətini ifadə edərək Heydər Əliyev
siyasətinə səs verdi: “Cənab İlham Əliyev Prezident seçildikdən
sonra keçirilən andiçmə mərasimində bu vədini açıqladı ki,
Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev
siyasəti davam etdirilməlidir. Son 19 ilin hadisələri göstərir ki,
belə də oldu. Ulu Öndərin bütün tapşırıqları, tövsiyələri yerinə
yetirildi. Yeganə həll olunmamış məsələ Qarabağ münaqişəsi idi. Ulu
öndər Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixli müraciətində axıra
çatdıra bilmədiyi taleyüklü məsələlərdən bəhs edərkən sözsüz ki,
Qarabağ məsələsini nəzərdə tuturdu. Bunun üçün Azərbaycan gücləndi,
ordumuz Qələbəyə hazırlandı, məsələnin həlli üçün möhkəm hüquqi
baza formalaşdı. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın
malik olduğu imkanların, birliyimizin, həmrəyliyimizin təqdimatı
oldu. 8 Noyabr tarixi xalqımızın yaddaşında əbədi olacaq. Qarabağın
tacı Şuşanın işğaldan azad edildiyi həmin gün dövlət başçısı İlham
Əliyevin Sərəncamı ilə Zəfər Günü kimi təsis olundu. 2020-ci il
noyabrın 8-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan Zəfər
müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən ata vəsiyyətini
yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi.
Torpaqlarımızın işğaldan azad edilməsi ilə ulu öndər Heydər
Əliyevin sonuncu vəsiyyəti də yerinə yetirildi.”

Dövlət başçısı İlham Əliyevin çağırışlarla zəngin nitqi 30 ilin
uğurlarının növbəti illər üçün möhkəm baza olduğunu təsdiqləyir.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli
Sərəncamı ilə təstiq olunmuş “Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə
çoxsaylı layihələr həyata keçirilir. İşğaldan azad edilmiş
ərazilərə Böyük Qaydış Azərbaycanın 2030-cu ilədək beş Milli
Prioritetlərindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qaydışa dair Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlər
uğurla həyata keçiriləcək və bütün keçmiş məcburi köçkünlər öz
doğma ata-baba yurdlarına qayıdacaqlar.

Milli Məclisin deputatı

Rauf Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir