ADPU-nun Ağcabədi filialında Əhməd Cavadın 130 illik yubiley tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)
Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi
Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri
keçirildi.

Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Mobil
Məcidov Azərbaycan dövlətçiliyi və ədəbiyyatı tarixində milli
istiqlal şairi kimi tanınan Əhməd Cavadın yüksək vətənpərvərlik
qayəsindən, xalqa, dövlətçiliyimizə sədaqətindən qürur hissi ilə
danışaraq qeyd etdi ki, Ə.Cavad M.F.Axundzadə, H.Zərdabi,
M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi,
H.Cavid və başqaları ilə başlayan Azərbaycan milli istiqlal ideyası
və türkçülük məfkurəsinin davamçısıdır. Onun adının milli azadlıq
və istiqlal ideyaları ilə möhkəm bağlılığının nəticəsidir ki,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 aprel
2022-ci il tarixində görkəmli sənətkarın anadan olmasının 130
illiyinin Respublika səviyyəsində qeyd edilməsi ilə bağlı Sərəncam
imzalayıb deyə vurğulayan direktor bildirib ki, sərəncamda Ə.Cavad
görkəmli şair, maarifçi və ictimai xadim, Azərbaycan poeziyasında
yeni bir ədəbi məktəbin təməlçisi, milli azadlıq və istiqlal
uğrunda mübariz, yaradıcılığı dövrün ictimai-siyasi mənzərəsini
dolğun əks etdirən sənətkar kimi qiymətləndirilir.

Filialın “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası”
kafedrasının müdiri dos. Vaqif Allahverdiyev Əhməd Cavadın şərqdə
ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlət
himninin müəllifi kimi xalqın mənəvi yaddaşında əbədi yaşayacağına
əminlik hissi ifadə etdi.

Sonra söz məruzəçilərə verildi. Dos. Mətanət Fərzəliyeva “Əhməd
Cavadın yaradıcılıq yolu”, gənc müəllim Maya Abdullayeva isə “Əhməd
Cavadın dövrü və həyatı” mövzusunda məruzə elədilər.

Məruzələrdə şairin həyatı, dövrü və onu yüksək amallar şairi
kimi yetişdirən ictimai-siyasi mühitin amillərindən danışıldı.

Məruzələr dinlənildikdən sonra filialın Pedaqoji fakültəsinin
bir qrup tələbəsi, o cümlədən Nəzrin Şirinova, Lalə Mahmudova,
Mədinə Nağıyeva, Aytən Hüseynli, Sevinc Allahyarova, Nuranə
Zeynalova, Aysu Teymurova və Fidan Hüseynovanın təqdimatında şairin
yaradıcılığından lirik nümunələr və sözlərinə bəstələnmiş nəğmələr
səsləndirildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir