Aktauda Azərbaycan, Qazaxıstan və Türkiyə nazirlərinin üçtərəfli görüşü olub

Bakı. Trend:

25 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Qazaxıstanın Aktau şəhərində keçirilən
Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat
sahələri üzrə məsul nazirlərinin üçtərəfli görüşündə iştirak edib.
Görüşə, həmçinin Gürcüstan nümayəndə heyəti də qatılıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 27 iyun
2022-ci il tarixində Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici
işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin Bakıda
keçirilmiş birinci üçtərəfli görüşünün davamı olaraq təşkil edilən
bu konfransın gündəliyində duran əsas məsələ bölgənin nəqliyyat,
kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından
istifadə məqsədilə görülən işlərin müzakirəsi və tərəfdaşlığın daha
da genişləndirilməsi olub. Müzakirələr zamanı Transxəzər Beynəlxalq
Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf etdirilməsinə, bu
istiqamətdə mövcud olan yük daşımalarına diqqət yetirilib.

Görüşdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramov qeyd edilən formatın yüksək səviyyədə
qardaşlıq və tərəfdaşlıq münasibətlərinə malik bu ölkələr arasında
tərəfdaşlığın daha da genişləndirilməsi üçün vacib platformalardan
olduğunu vurğulayıb.

Hazırda qlobal təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa
qarşı təhdidlərin artdığı bir şəraitdə qeyd edilən ölkələrin
nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığının
gücləndirilməsinin regional səviyyədə risklərin və çağırışların
qarşısının alınması və azaldılması baxımından böyük əhəmiyyət kəsb
etdiyi bildirilib.

Orta Dəhlizin tərkib hissəsi kimi Zəngəzur dəhlizinin əhəmiyyəti
və perspektivlərinin böyük olduğu vurğulanıb. Bu dəhlizin
Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi çərçivəsində nəqliyyat
imkanlarını daha da artırmaq potensialına malik olduğu diqqətə
çatdırılıb. Zəngəzur dəhlizi daxil olmaqla, regionda bütün
kommunikasiyaların açılmasının beynəlxalq nəqliyyat əlaqələrinin
genişlənməsinə xidmət edəcəyi qeyd olunub.

C.Bayramov iclas iştirakçılarını 44 günlük müharibə sonrası
bölgədə yaranan yeni reallıqlar fonunda cari vəziyyət barədə, o
cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesinin
irəlilədilməsi səyləri barədə məlumatlandırıb. Münaqişənin
bitməsinin iqtisadi və kommunikasiya əlaqələrinin bərpası yolu ilə
bölgədə uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün yeni
imkanlar yaratdığını bildirib.

Nazir azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı
bərpa və quruculuq işlərindən, məcburi köçkünlərin öz evlərinə geri
dönüşünü təmin etmək üçün səylərdən bəhs edib.

Post-münaqişə dövründə Azərbaycan tərəfindən aparılan bərpa və
quruculuq fəaliyyətinə ən böyük maneələrdən birinin mövcud mina
təhlükəsi olduğu diqqətə çatdırılıb. Bu xüsusda, Ermənistan
tərəfinin post-münaqişə dövründə də Azərbaycanın ərazilərində yeni
minalar basdırmaqla, Azərbaycana qarşı təhdidləri davam etdirdiyi
bildirilib.

Üçtərəfli görüşün yekununda Bakı Bəyannaməsinə uyğun olaraq,
Türkiyə, Azərbaycan və Qazaxıstan ərazisindən keçən Orta Dəhliz
Marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol
Xəritəsi” imzalanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir