Avropa Şurasının Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin 11-ci plenar iclası öz işini yekunlaşdırıb

Bakı. Trend:

Fransanın Strasburq şəhərində Avropa Şurasının (AŞ) Mədəniyyət,
İrs və Landşaft üzrə Rəhbər Komitəsinin (CDCPP) 11-ci plenar iclası
keçirilib. Hibrid formatda keçirilən iclasda 46 ölkə və təşkilatdan
50 nümayəndə iştirak edib. İclasda Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyinin əməkdaşı Murad Əliyev təmsil edib.

Nazirlikdən Trend-ə bildirilib ki, tədbir zamanı AŞ-nin
mədəniyyət, irs və landşaft istiqamətlərində olan konvensiyalarının
və tövsiyə sənədlərinin icra vəziyyəti haqqında müzakirələr
aparılıb, üzv ölkələr tərəfindən aparılan işlər barədə qısa hesabat
verilib. Həmçinin iclasda üzv ölkələr arasında təcrübələrin
paylaşılmasında akademik dairələrin, müstəqil ekspertlərin və
gənclərin rolundan söz açılıb. Əlavə olaraq iclas zamanı AŞ-nin
xüsusilə mədəniyyət və irs sahəsi üzrə ixtisaslaşmış digər
layihələri barədə geniş məlumat verilib və Azərbaycan da daxil
olmaqla fəal ölkələrə göstərilən dəstəyə görə təşəkkürlər
edilib.

Bununla yanaşı, müvafiq sahələr üzrə dayanıqlı sülhün və süni
intellektin mədəniyyət sahəsinin inkişafında töhfəsi əsas müzakirə
mövzularından olub.

Bu xüsusda, M.Əliyev çıxış edərək Mədəniyyət Nazirliyi
tərəfindən aparılan işlər, mədəni irsimiz və ölkəmizin irəli
sürdüyü “Bakı Prosesi” və “Mədəniyyət naminə sülh” qlobal çağırışı
kimi təşəbbüslər barədə məlumat verib, AŞ ilə əməkdaşlıq
perspektivləri barədə danışıb.

İclasın sonunda CDCPP-nin Bürosuna seçkilər keçirilib. Büronun
növbəti iki il üçün sədri vəzifəsinə Norveç təmsilçisi Terye
Birkrem Holand öz namizədliyini irəli sürmüş və keçirilən səsvermə
nəticəsində yekdilliklə seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir