AYNA 8000-dən çox sürücünü təlimlərə cəlb edəcək (FOTO)

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət
göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)
“Təlim-Tədris Mərkəzi” tərəfdaş təşkilatlarla birgə beynəlxalq
sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı
və yenidən hazırlığını müvafiq tədris proqramları əsasında paytaxt
Bakıda, eyni zamanda Gəncə, Masallı, Lənkəran və Astarada təşkil
edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına
buraxılış Qaydaları”nda beynəlxalq daşımalarda iştirak edən
sürücülərin hazırlıq səviyyəsinə dair tələblər müəyyən edilib.
Tələblərə əsasən, sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığı
və yenidən hazırlığı vacib şərtdir.

Hazırlıq zamanı sürücülərə avtomobil nəqliyyatı ilə beynəlxalq
sərnişin və yük daşımalarının təşkilinin özünəməxsusluğu, bu sahədə
mövcud olan hüquq normaları, işgüzar adətlər, beynəlxalq
daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin istismarına
dair tələblər və onların istismar xüsusiyyətləri, habelə ilk tibbi
yardımın göstərilməsi haqqında məlumat verilir. Məşğələlərdə
avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə yetirən
sürücülərə yüklərin qəbulu, rəsmiləşdirilməsi, daşınması və təhvil
verilməsi qaydaları, müxtəlif növ yüklərin daşınmasının şərtləri və
xüsusiyyətləri, habelə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin
və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlar
aşılanır.

Təlimlər Nazirlər Kabinetinin təsdiqlədiyi tədris proqramı
əsasında yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim
ustaları cəlb olunmaqla aparılır. İmtahanlar elektron qaydada
təşkil edilir.

Bu günədək təlimlərdə 1300-dən çox sürücü iştirak edib.
Ümumilikdə isə 8000 sürücünün təlimlərə cəlb edilməsi nəzərdə
tutulur.

Qeyd edək ki, sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığa
başlamayan daşıyıcılar 2023-cü ilin 8 aprel tarixindən etibarən
beynəlxalq yükdaşımalarında iştirak edə bilməyəcəklər. Təlimlərdə
iştirak etmək istəyən sürücülər AYNA-nın “1181” Çağrı Mərkəzinə
müraciət edə bilərlər.

“Azərbaycan avtodaşıyıcılarının beynəlxalq daşımalara
buraxılması Qaydaları”nın tətbiq edilməsində məqsədlərdən biri də
avtomobil nəqliyyatı sahəsində qabaqcıl tənzimləmə mexanizmi hesab
olunan Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasının
tələblərinin Azərbaycanda tətbiq edilməsidir. Keyfiyyət
Xartiyasında təsis edilmə, işgüzar nüfuz, maliyyə dayanıqlığı və
peşəkarlıq səriştəsi ilə bağlı müvafiq tələblər müəyyən edilir və
daşımalara bu tələblərə cavab verən subyektlər buraxılır. Bu da öz
növbəsində avtomobil nəqliyyatının işinin səmərəli təşkilinə,
sahənin dayanıqlı inkişafına və investisiya cəlbediciliyinin
artmasına müsbət töhfə verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir