Azərbaycan sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifidir – Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycan daim iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın
diqqətində olub. Tarixi Zəfərimizdən sonra ölkəmizin bu istiqamətdə
mövqeyinin daha da möhkəmləndiyi göz qabağındadır. Azərbaycan 44
günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə dünyaya
ədalətin və beynəlxalq hüququn mövcudluğunu çatdırdı, yaratdığı
reallıqlarla regionda dayanıqlı sülhün, təhlükəsizliyin və
əməkdaşlığın vacib amil olduğunu önə çəkdi. Bütün bunlar ümumilikdə
Azərbaycanın yürütdüyü uğurlu siyasətin nəticəsidir. Dövlət başçısı
İlham Əliyevin həyata keçirdiyi təkmil islahatlar, yeniliyi özündə
əks etdirən mükəmməl siyasəti Azərbaycanı beynəlxalq birliyin fəal
üzvünə çevirib. Dövlət başçısı çıxışlarında da bu məqamı xüsusi
qeyd edir ki, sözümüzlə imzamız arasında heç bir fərq yoxdur.
Hazırkı dövrdə ən diqqətçəkən məqamlardan biri də odur ki, paytaxt
Bakı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimiz də diplomatik
mərkəzə çevrilməkdədir. Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi
Şuşadan dünyaya ünvanlanan mesajların hər birində ədalət,
beynəlxalq hüquq anlayışlarına dəyər verilməsi, onların tətbiqi
üçün vahid mexanizmin müəyyənləşdirilməsinə çağırışlar öz əksini
tapıb. Cari ildə ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin
xronologiyasına diqqət yetirdikdə onların böyük əksəriyyətinin
məkanının məhz Şuşa olduğunu görürük. Paytaxt Bakıda keçirilən
tədbirlərə isə məhz mədəniyyət paytaxtımız Şuşada yekun vurulması
artıq ənənə halını almaqdadır.

Bir məqamı da qeyd etmək istəyirəm ki, keçirilən konfrans və
forumların əhatə dairəsinin genişlənməsi, iştirakçılarının sayının
artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını
göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı
Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh
və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi
ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək
diqqətinin, eyni zamanda, artan marağının əyani ifadəsidir.
Azərbaycan bu gün sülh gündəliyinin müəllifi kimi dünyanın
diqqətindədir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə
açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, regionda dayanıqlı sülhün,
təhlükəsizliyin və əməkdaşlığın təmin olunması prosesi Ermənistanla
Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını vacib amil
kimi önə çəkir: “Azərbaycan tarixi Zəfərimizin ilk günlərindən
qarşı tərəfə sülh müqaviləsinin imzalanması ilə bağlı beynəlxalq
hüququn 5 əsas prinsipini özündə əks etdirən təklifini təqdim etdi.
Bu prinsiplərdən biri təbii ki, BMT-nin sənədlərində təsbit olunmuş
hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı
prinsipidir. Zəfərimizdən sonra Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən dörd görüşün,
eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə bir
dəfə Moskvada, iki dəfə Soçidə baş tutan görüşlərin hər biri sülh
müqaviləsinin imzalanması istiqamətində mühüm addım kimi
dəyərləndirilsə də bəzi ermənipərəst mövqeli dövlətlərin məsələnin
həlli prosesinin uzanmasında, yaxud sülh müqaviləsinin
imzalanmamasında maraqlı olması diqqətdən kənarda qalmır. Bu
əngəllər, həmçinin vaxtın uzadılmasına səbəb olur. Ötən ilin
aprelində ADA Universitetində “Cənubi Qafqaza yeni baxış:
Münaqişədən sonra inkişaf və əməkdaşlıq”, bu il aprelin 29-da isə
“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq
konfransların ardınca noyabrın 24-də yenə də bu universitetdə “Orta
Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat”
mövzusunda beynəlxalq konfransın işə başlaması da bu kimi məqamlara
aydınlıq gətirilməsində əhəmiyyətli rol oynayır. Belə ki, dövlət
başçısı İlham Əliyev konfranslarda çıxışı və iştirakçıların
suallarına cavabı zamanı hazırkı dövrün reallıqlarını əsaslı
şəkildə diqqətə çatdırır. Prezident İlham Əliyev noyabrın 25-də ADA
Universitetində beynəlxalq konfransdakı çıxışında diqqəti dekabrın
7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə
tutulan görüşünə yönəltdi. Möhtərəm Prezidentimiz bildirdi ki,
həmin görüş keçirilməyəcək. Dövlət başçısı görüşün baş tutmamasının
səbəblərindən danışarkən diqqətə çatdırdı ki, Ermənistanın baş
naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel
Makronun iştirak edəcəyi təqdirdə razılıq verə biləcəyini bildirir.
Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq.”

“Göründüyü kimi, Fransa açıq-aşkar regionda dayanıqlı sülhün və
təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını
təsdiqləyir. Bu yanaşma isə Ermənistanın planlarına tam uyğundur.
Oktyabrın 6-da Praqada Fransa Prezidenti Emmanuel Makronun da
iştirakı ilə Azərbaycan Prezidentinin, Avropa İttifaqı Şurası
Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə
dördtərəfli görüş keçirildi. Bu görüş çoxsaylı sualların
yaranmasına rəvac verdi. Görəsən Ermənistana dəstək yolunu seçən
Fransanı bu gün saxta ədalət donunu geyinib danışıqlarda iştirak
etməyə nə sövq edir? Bəlkə Fransa Prezidenti belə cəhdləri ilə 30
ildə ölkəsinə qarşı formalaşan etimadsızlıq mühitini bərpa edə
biləcəyini düşünür? Ümumilikdə 44 günlük İkinci Qarabağ
müharibəsinin davam etdiyi günlərdə belə özlərinin iştirakı ilə
hazırlanan və qəbul olunan qətnamələrin əleyhinə çıxış edən bəzi
dövlətlər və onların rəhbərləri bu gün həmin savaşda yaşananları
unuda biləcəklərmi? Müharibənin başa çatdığı, Qarabağ münaqişəsinin
tarixə qovuşduğu halda Fransa Prezidenti Ermənistana dəstəyini
davam etdirərək problemin hələ də həll olunmaması barədə absurd
fikirlərinə necə haqq qazandıra bilər? Ən əsası Fransa Prezidenti
dekabrın 7-də keçirilməsi nəzərdə tutulan görüşə qatılsa belə
rəhbərlik etdiyi ölkə Senatının Azərbaycanla bağlı qəbul etdiyi
qərəzli qətnamənin zəruriliyini necə əsaslandıracaq? Fransa
Prezidentinin “qorxma-qorxma” demək üçün Ermənistanın baş naziri
ilə birlikdə görüşlərə qatılmaq istəyini şərtləndirən amillər
hansılardır? Fransa və Ermənistanı eyni dəyərlər birləşdirə bilər,
amma kiçik dövlətlərə “ədalət və beynəlxalq hüquq” dərsi keçməyə
cəhd edən Fransa görəsən bilmirmi ki, qəbul etdiyi absurd
qətnamələr bumeranq effekti verərək onun özü üçün problemlər
yaradacaq? Göründüyü kimi, suallar çoxdur. Bütün bu sualların bir
cavabı var. Prezident İlham Əliyevin konfransda vurğuladığı kimi,
Fransa sülh danışıqlarında iştirak edə bilməz və bu, onun
günahıdır. Prezident İlham Əliyev Paşinyanın Brüssel görüşündə
Makronun iştirak etməsi tələbini irəli sürməsini sülh danışıqlarını
pozmaq cəhdi kimi qiymətləndirib.”- deyə, YAP Xətai rayon
təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, noyabrın 25-də dövlət başçısı
İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi
nümayəndəsi Toivo Klaar ilə görüşündə Ermənistan-Azərbaycan
münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sülh
müqaviləsi ilə bağlı danışıqlar prosesi, sərhədlərin delimitasiyası
üzrə Brüsseldə keçirilmiş görüşün nəticələri barədə fikir
mübadiləsi apardı. Bu görüşlər, eyni zamanda, Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişelin dövlət başçısı İlham Əliyevlə
telefon danışıqları bir daha təsdiqləyir ki, Azərbaycanın müəllifi
olduğu Brüssel gündəliyi yeganə məqbul variantdır.

“Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycan
reallıqlarının təqdimatı, eyni zamanda, ölkəmizə qarşı qərəzli
mövqeyi əks etdirən suallara cavabında verilən tarix, hüquq dərsi
olur” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki,
cənab Prezident konfransdakı çıxışında son dövrlər Azərbaycana
qarşı qərəzli mövqeyini açıq-aşkar ortaya qoyan İranla bağlı da
fikirlərini çatdırdı. Bildirdi ki, İranın üç prezidenti – Hatəmi,
Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində
bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim
sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi.
Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu
bəyanat verilməmişdi. Dövlət başçısı bildirdi ki, biz hər zaman
istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik
və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər
keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz
həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və
azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların
müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir
hissəsidir”.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, belə konfranslar ötən qısa
dövr ərzində bu istiqamətdə atılan addımlara, regionda sülhün və
təhlükəsizliyin təmin olunmasında səylərin birləşdirilməsinin
vacibliyi amilinə bir daha işıq salır: “Bu mühüm tədbirin
iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya,
Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir,
Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin
mərkəzlərinin rəhbərləri və nümayəndələri də iştirak edirlər.
Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun
iqtisadi imkanları müzakirə olunur. Xüsusilə bu baxımdan Zəngəzur
dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni
nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi
və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılır.
Bütün hallarda Azərbaycanın mövqeyi dünya birliyi üçün önəmlidir.
Qalib Azərbaycan hər zaman olduğu kimi, bu gün də sülh
gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış
edir və dövlətimizin bu prinsipial mövqeyi beynəlxalq səviyyədə
dəstəklənir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir