“Gender bərabərliyinə nail olunmasında əsas çətinliklər” mövzusu müzakirə olunub

Bakı. Trend:

Bu gün Ədliyyə Nazirliyi tərəfindən İnsan Hüquqları üzrə
Müvəkkili və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə
birgə Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində Qadın
Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Gender
bərabərliyinə nail olunmasında əsas çətinliklər” mövzusunda
müzakirə keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Ədliyyə Nazirliyinin rəhbər
şəxsləri, İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva, Dayanıqlı
İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Katibliyinin rəhbəri,
İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov, BMT-nin
Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva,
Mediasiya Şurasının sədri Nadir Adilov, Ailə, Qadın və Uşaq
məsələləri üzrə Dövlət Komitəsinin, dövlət qurumlarının, digər
təşkilatların, elm və təhsil müəssisələrinin təmsilçiləri,
vəkillər, vətəndaş cəmiyyəti institutları, hüquqşünas tələbələr və
media nümayəndələri iştirak ediblər.

Əvvəlcə ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə
verilmiş qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni
penitensiar müəssisələrin fəaliyyəti və yaradılmış müasir şəraitlə
tanışlıq olub.

Dayanıqlı İnkişaf üzrə 5-ci (Gender bərabərliyi), 10-cu
(Bərabərsizliyin azaldılması) və 16-cı (Sülh, ədalət və səmərəli
institutlar) Məqsədlərə nail olunmasında qarşıdakı perspektivlərə
həsr olunan tədbirdə Ədliyyə Nazirliyi İnsan hüquqları və
ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova
iştirakçıları salamlayaraq gender bərabərliyinin təmin olunması,
məişət zorakılığının qarşısının alınması məsələləri ilə bağlı
ictimai müzakirələrin aparılması baxımından tədbirin əhəmiyyətini
qeyd edib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Oqtay
Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva,
BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreeva, Dayanıqlı
İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Katibliyinin rəhbəri Hüseyn
Hüseynov açılış nitqi ilə çıxış ediblər.

Tədbirdə gender bərabərliyinə nail olunmasında, eyni zamanda
qadınların səlahiyyətlərinin genişləndirilməsində və onların
iqtisadi resurslara bərabər çıxış hüquqlarının yaradılmasında
Dayanıqlı İnkişaf Məqsədlərinin rolu, qadın və qızlara qarşı bütün
formalarda zorakılığın aradan qaldırılması sahəsində qeyri-hökumət
təşkilatlarının fəaliyyəti, qadınların hüquq və azadlıqlarının
təmin olunmasında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinin
vacibliyi, uşaqlara qarşı pis rəftar, onların istismarı və
ümumiyyətlə bütün formalarda uşaq zorakılığına qarşı mübarizə
üsulları məsələləri müzakirə olunub.

Sonra Qadın məhkumlardan ibarət özfəaliyyət dərnəyinin ifasında​
konsert proqramı keçirilib.

Tədbir çərçivəsində Landau Məktəbinin dəstəyi ilə pulsuz ingilis
dili (İELTS) kursunun açılışı olub, Vəkillər Kollegiyasının “Qadın
vəkillər” alyansı tərəfindən pulsuz hüquqi yardım aksiyası, “İçəri
şəhər” Muzey Mərkəzi tərəfindən “Qurama” sənəti üzrə ustad dərsi
keçirilib, qadın məhkumların əl işlərindən ibarət sərgi nümayiş
etdirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir