H.Z.Tağıyev – Sumqayıt avtomobil yolunda son tamamlanma işləri aparılır (FOTO/VİDEO)

Bakı. Trend:

Respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev – Sumqayıt
avtomobil yolunun 4 zolağa genişləndirilməsi istiqamətində
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan
tikinti işləri artıq yekunlaşıb.

Agentlikdən Trend-ə verilən
məlumata görə, hazırda yol boyu üfüqi nişanlanma xətlərinin
çəkilişi, zəruri yol nişanlarının və təhlükəsizlik sədlərinin
quraşdırılması, həmçinin çiyin hissələrin bərkidilməsi işləri
aparılır.

Qeyd edək ki, H.Z.Tağıyev – Sumqayıt avtomobil yolunun 4 zolağa
genişləndirilən hissəsinin uzunluğu 13.7 km təşkil edir. Tikinti
işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-26 m-ə, hərəkət
hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndirilib.

Görülən işlər çərçivəsində marşrut boyu geriyə dönmə
hissələrinin, yolun yaşayış məntəqəsi daxilindən keçən hissəsində
piyada səkilərinin və yeni işıqlandırma sisteminin yaradılması
işləri aparılıb.

Layihə üzrə yolun 8-ci km-də layihələndirilən bir aşırımlı
körpünün kənar dayaqlarının və beton aşırımların inşası yekunlaşıb,
vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz keçməsini təmin
etmək istiqamətində yolun 3.8-ci km-də yerüstü piyada keçidi inşa
edilib. Keçidin uzunluğu 30, eni isə 3.5 metrdir.

Yaxın günlərdə yol müasir görkəmdə tam olaraq vətəndaşların
istifadəsinə veriləcək.

Xatırladaq ki, sözügedən avtomobil yolunda işlərin aparıldığı
hərəkət zolaqları üzrə avtonəqliyyat vasitələrinin hərəkəti
hissə-hissə qismən məhdudlaşdırıla bilər. Bu üzdən sürücülərdən
ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol nişanlarının
tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş
olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir