Laçın rayonunun yeni inkişaf dövrü

Bakı. Trend:

Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 18 may
1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən
qüvvələrinin böyük hissəsi ərazilərimizə Laçın dəhlizi vasitəsilə
daxil olub. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq
Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır.
İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz
qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb.
Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və
rayonunda müvəqqəti məskunlaşıb.

İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə
müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi
məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2
avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri
işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox
yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi
ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz qələbə
nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1
dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan
əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər
kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad
edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və
Sus kəndləri nəzarətə götürüldü. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad
olunmuş ərazilərdə o cümlədən Laşın rayonunda geniş miqyaslı
tikinti quruculuq işlərinə başlanmışdır. Rayonda generasiya gücü 8
meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu
stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə
təminatında mühüm rol oynayacaq. Rayonun yol-nəqliyyat
infrastrukturu yenidən qurulur. Prezident İlham Əliyevin
sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun
uzunluğu 72,8 kilometrdir. Yol üzərində 3 tunelin tikintisi
aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. 2025-ci
ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi
planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən
Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu
artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa
ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir.
Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi
inkişafına təkan verəcək və turizm potensialının artırılmasına
səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad
edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin
miqyasını göstərir.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il
tarixli Sərəncamı ilə təstiq olunmuş “Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət
Proqramı” üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata
keçirilməsi nəzərdə tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərə
Böyük Qaydış Azərbaycanın 2030-cu ilədək beş Milli
Prioritetlərindən biri kimi müəyyən olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərinə Böyük Qaydışa dair Dövlət Proqramı” üzrə nəzərdə
tutulmuş tədbirlər uğurla həyata keçiriləcək və bütün keçmiş
məcburi köçkünlər o cümlədən Laçın rayonunun sakinləri tezliklə öz
doğma yurdlarına qayıdacaqlar.

Milli Məclisin deputatı

Rauf Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir