Makronun Brüssel formatını dağıtmaq cəhdi və Prezident İlham Əliyevin Avropa İttifaqına verdiyi mühüm mesajlar

Bakı. Trend:

Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində “Orta
Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat”
mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Fransanın
anti-Azərbaycan və sülh prosesinə zərbə vuran davranışları barədə
danışıb.

Azərbaycan Prezidenti Fransanın ermənipərəst siyasətindən
danışarkən Parisin Bakıya qarşı qəbul etdiyi qətnamələrə
toxunub.

Fransa Milli Assambleyasında qəbul olunan anti-Azərbaycan
qətnamələrdən daha çox Frankofoniya Təşkilatının Bakıya qarşı
aqressiv mövqe sərgiləməsi diqqət çəkir. Çünki Fransa hakimiyyəti
ermənipərəst olduğu üçün ölkənin təsisatları da prezident Emmanuel
Makronun diktəsi ilə Azərbaycana qarşı qərarlar qəbul edirlər.
Frankofoniya Təşkilatına daxil olan dövlətlərin əksəriyyətinin isə
nəinki Ermənistanla mədəni və siyasi bağları, ümumilikdə, Cənubi
Qafqazla yaxından-uzaqdan əlaqəsi yoxdur.

Bəs, Frankofoniya Təşkilatının məqsədi və hədəfləri nədir?

Frankofoniya termini 1887-ci ildən istifadə edilməsinə
baxmayaraq, Beynəlxalq Frankafoniya Təşkilatı 1970-ci ildə
Mədəniyyət və Texniki Əməkdaşlıq Agentliyi adı altında yaradılıb.
BFT fransız dili ana dili hesab olunan, əhalisinin əksəriyyətinin
fransız dilində danışan (keçmiş fransız müstəmləkələri) və fransız
mədəniyyətinə böyük bağlılığı olan ölkələri özündə birləşdirən
təşkilatdır.

20 il öncə Avropa İttifaqı qurumlarının sənədlərinin 34% fransız
dilində dərc olunurdusa, hazırda bu rəqəm xeyli azalıb (Avropa
Komissiyasının sənədlərinin 3.7%, Avropa Parlamentinin isə 12%).
Fransız dili əsasən Afrika-Hind Okeanı və Yaxın Şərq regionu
ölkələrinin təhsil dilidir. Fransız məktəblərində təhsil alan
tələbələrin 80%-i Afrika qitəsində cəmləşib. BFT-nin ümumilikdə 84
üzvü var. Onlardan 54 dövlət tamhüquqlu üzv (o cümlədən Ermənistan,
Vanuatu, Qvineya-Bisau, Kabo Verde, Saint Lucia və s), 4 assosiativ
üzv (Kipr, Qana, Qətər, Yeni Kaledoniya), 26-sı isə müşahidəçi
statusuna malikdir. Bu dövlətlərin bütövlükdə 1.2 milyard əhalisi
var. Təşkilatın şüarı “bərabərlik, tamamlama, həmrəylik”-dir.

Bundan başqa, təşkilatın mandatına 4 bənd, o cümlədən, “sülh,
demokratiya, insan hüquqlarının təşviq edilməsi” daxildir.

Göründüyü kimi, Frankofoniya Təşkilatının Ermənistanla heç bir
tarixi, siyasi və mədəni bağı yoxdur. Amma buna baxmayaraq, BFT-nin
19-20 noyabr tarixlərində Tunisin Cerba şəhərində keçirilən XVIII
sammiti Fransa və Ermənistanın Azərbaycana qarşı növbəti dəfə
təxribat ilə yadda qaldı. Fransa müstəqil ölkələrə siyasi təzyiq
göstərərək, hətta şantaj edərək onların suverenliyini pozub, üzv
dövlətlərin mövqeləri nəzərə alınmadan, sənəd layihəsi Zirvə
görüşünə təqdim edilib.

Bu məqam bir daha göstərir ki, Fransanın nəzarəti altına olan
təşkilat müstəqil qərar verə bilmir. Bir sözlə, təşkilatın fransız
dili və mədəniyyəti ilə bağlı hədəfləri yaddan çıxıb. Çünki Fransa
və Ermənistan BFT-ni Azərbaycana qarşı platformaya çevirib. Əgər
belə olmasaydı, böyük və kiçik bacı Cənubi Qafqaz regionunda sülhün
olmaması üçün hər cürə təxribata əl atmazdı.

Aydındır ki, fransız dili və mədəniyyəti ilə əlaqəsi olmayan,
Frankofoniya Təşkilatının büdcəsinə bir qəpik belə xeyiri dəyməyən
Ermənistanın BFT tərəfindən belə canla-başla müdafiə olunmasının
arxasındakı “qüvvə” Makrondur.

Prezident İlham Əliyev isə konfransda çıxışı zamanı Fransa
hakimiyyətinin Frankofoniya Təşkilatı vasitəsi ilə Azərbaycana
təzyiq etmək cəhdlərindən danışarkən bunları deyib.

Sitat: “Qətnamənin mətninin Fransanın Ermənistanla birgə
hazırladığı, ittiham və uydurma dolu ilkin versiyası Azərbaycan
tərəfində var. Lakin bizim təkcə Qoşulmama Hərəkatında deyil,
Avropada da dostlarımız var. Beləliklə, bu anti-Azərbaycan
qətnaməsi formallıqdan başqa bir şey deyil”.

Göründüyü kimi, Fransa hakimiyyətinin təzyiqi ilə imza atılan
kağız parçasının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur.

Azərbaycan lideri Parisin Bakıya qarşı həyata keçirdiyi digər
pozucu əməllərdən də danışıb. Ölkə başçısının sözlərindən belə
anlaşılır ki, rəsmi Paris İrəvan və Bakı arasında davam edən sülh
prosesinin pozulması üçün sistemli iş aparır. Çünki Prezident
Fransa lideri Emmanuel Makronun dekabrın 7-də Avropa İttifaqı
Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilməsi
planlaşdırılan görüşdə iştirak edəcəyi təqdirdə Brüssel
danışıqlarının baş tutmayacağını deyib.

Sitat: “Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə
tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla
Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın
baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel
Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o
deməkdir ki, həmin görüş baş tutmayacaq”.

Prezident vurğulayıb ki, o, Paşinyanın Brüssel görüşündə
Makronun iştirak etməsi tələbini irəli sürməsini sülh danışıqlarını
pozmaq cəhdi kimi qiymətləndirir.

Ölkə başçısı Makronun iştirak etdiyi görüşə niyə getmək
istməməsinin səbəbini də açıqlayıb.

Sitat: “Praqa görüşündən bir həftədən də az sonra Fransa
Prezidenti Makron müsahibəsində Azərbaycanı tənqid etdi və bizi
törətmədiyimiz işlərdə ittiham etdi. Daha sonra Fransa Senatının
tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu.
Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi
qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya
Sammiti vasitəsilə bizə qarşı hücum cəhdi oldu. Bu,
qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır”.

Fransanın sülh prosesini pozmağa cəhd göstərdiyini açıq şəkildə
dilə gətirən Prezident Brüssel formatının ləğv oluna, başqa
alternativlərin nəzərdən keçirilə biləcəyinə işarə edib.

Sitat: “Bütün bunlar nəzərə alınsa, aydındır ki, Fransa sülh
danışıqlarında iştirak edə bilməz. Bu, bizim deyil, onların
günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə
tərəfkeşlik etməyib. Bu, o deməkdir ki, 7 dekabr görüşü baş
tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik. Görək,
vasitəçi rolunu kim həyata keçirəcək və bu, hansı platformada baş
tutacaq?”.

Prezidentin Fransanın Brüssel formatını pozan davranışlarına
toxunması, ilk növbədə, Avropa İttifaqını narahat etməlidir. Çünki
rəsmi Bakı dəfələrlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişellin iştirakı ilə aparılan danışıqların Azərbaycan-Ermənistan
sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib. Hazırda isə
rəsmi Paris Şarl Mişelin rəhbərliyi ilə aparılan danışıqları
pozmağa cəhd göstərir. Bu cəhd Avropa İttifaqının Cənubi Qafqazda
sülhə yönələn addımlarına zərbədir. Ona görə də, ilk növbədə, Şarl
Mişel Avropa İttifaqının üzvü olan Fransanı Birliyin maraqlarına,
həmçinin, Bakı-İrəvan danışıqlarına zərbə vuran addımlardan
çəkindirməlidir.

Azərbaycan Prezidentinin Fransanın Brüssel formatına zərbə vuran
davranışları ilə bağlı verdiyi açıqlamalar fonunda Avropa
İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın
Bakıya səfəri və ölkə başçısı ilə görüşü xüsusilə diqqət çəkir.

Görüş zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin
normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi ilə bağlı
danışıqlar prosesi, sərhədlərin delimitasiyası üzrə Brüsseldə
keçirilmiş görüşün nəticələri barədə fikir mübadiləsi aparılıb.

Ehtimal etmək olar ki, görüşün əsas mövzularından biri Brüssel
formatının ləğvinə yönələn cəhdlərin neyrallaşdırılması ilə bağlı
olub. Amma Azərbaycan Prezidentinin ümumi siyasi xətti göstərir ki,
rəsmi Bakı Brüssel formatı dağılsa belə, Fransanın müdaxilə etdiyi,
tərəf tutduğu danışıqlar prosesində iştirak etməyəcək, yeni
formatın formalaşdırılması üçün işə başlayacaq. Nə Fransanın
nəzarəti altında olan qurumların qəbul etdiyi qətnamələr, nə də ki,
Parisin Brüssel formatını dağıtmaq üçün göstərdiyi cəhdlər
Azərbaycanın sülh üçün səylərinin qarşısını ala bilməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir