Niderland tərəfini birtərəfli mövqeyindən əl çəkməyə çağırırıq – Azərbaycan XİN

Bakı. Trend:

Niderland Parlamentində bir sıra üzvlər tərəfindən Azərbaycanın
böyük hərbi üstünlüyə malik bir ölkə kimi guya Ermənistana qarşı
hücumları davam etdirdiyi, 13-14 sentyabr tarixlərində Ermənistan
ərazilərini işğal etdiyi, Azərbaycanın Ermənistanın cənubunu işğal
niyyəti olduğu barədə iddiaların, habelə Ermənistanın müdafiə
qabiliyyətini bərpa etmək üçün ona hərbi yardım göstərilməsi barədə
çağırışları ehtiva edən qətnamə layihəsi təqdim edilib.

Trend xəbər verir ki, məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin
(XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media
nümayəndələrinin sualını cavablandırıb.

Bildirib ki, əvvəlki illərdə Niderland Krallığının Parlamenti
tərəfindən Azərbaycan əleyhinə, həqiqəti əks etdirməyən tam qərəzli
qətnamələrin qəbul edildiyi məlumdur.

30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərinin Ermənistan
tərəfindən işğalına, mülki əhaliyə qarşı qəddarcasına törədilmiş
qırğınlara, talan və vandallıqlara göz yuman Niderlandın
qanunvericilik orqanında belə bir təklifin irəli sürülməsi ölkəmizə
qarşı növbəti qarayaxma kampaniyasının bir nümunəsidir.

Bununla yanaşı, 2020-ci il müharibəsindən sonra Ermənistanın
üçtərəfli bəyanatlar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri
kobud şəkildə pozaraq erməni silahlı birləşmələrini Azərbaycan
ərazisindən tam çıxarmadığını, Azərbaycanın ərazilərinin
minalanmasını davam etdirdiyini, sərhədboyu bölgələrdə hərbiləşməni
artırdığını, nəqliyyat kommunikasiyalarının açılmasına maneçilik
törətdiyini və sülh prosesinə qarşı destruktiv addımlar atdığını
Niderland tərəfinə xatırlatmaq istərdik.

Cari ilin sentyabr ayında delimitasiya olunmamış sərhəddə baş
vermiş toqquşmalar barədə qətnamədəki iddialara gəldikdə qeyd edək
ki, sentyabr ayında döyüşlər məhz Ermənistan tərəfindən Azərbaycan
ərazilərinin minalanması və hərbi obyektlərimizə hücum nəticəsində
meydana gəlmişdir. Sentyabr ayında Azərbaycan yalnız Ermənistan
tərəfinin hücumlarına qarşılıq vermiş və hərbi mövqeləri hədəf
almışdır. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən
yenidənqurma işləri aparılan və külli miqdarda sərmayələr qoyulan
bir zamanda, hərbi gərginlik zonasına yaxın əraziyə – Zəngilan
rayonunun Ağalı kəndinə bir qrup məcburi köçkün ailəsinin geri
qayıtması şəraitində regionda hərbi gərginliyin Azərbaycan
tərəfinin marağında olmadığı hər kəsə məlumdur.

Azərbaycanın guya Ermənistanın cənubunu işğal etməsi niyyəti
barədə qətnamədə qeyd edilən cəfəng fikirlərə gəldikdə Niderland
parlamentarilərinin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan
tərəfi qarşılılıq prinsipinə əsaslanmaqla, Ermənistanla
münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də
suverenlik və ərazi bütövlüyü çərçivəsində normallaşması
təşəbbüsünü irəlilətməkdədir.

Niderland tərəfinin sülh prosesinə mane olmaqla Ermənistanda
revanşist qüvvələri dəstəkləmək əvəzinə, bölgədə yaranmış yeni
təhlükəsizlik və əməkdaşlıq çərçivəsini dəstəkləyərək bölgə
ölkələrinin sülh, sabitlik və tərəqqi şəraitində inkişafına töhfə
verməsi faydalı olardı.

Qeyd edilən qətnamə layihəsini qətiyyətlə rədd edir, Niderland
tərəfini birtərəfli mövqeyindən əl çəkməyə və qərarlarında
beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməyə
çağırırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir