Niderlandın Azərbaycandakı səfiri XİN-ə çağırılıb

Bakı. Trend:

25 noyabr tarixində Niderland Krallığının Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Paulin Eizema
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə dəvət edilib.

Görüşdə Niderland Krallığının Baş nazirinin müavini, xarici
işlər naziri Vopke Hoekstranın 23 noyabr tarixində Niderland
Parlamentinə ünvanladığı və guya Azərbaycan Silahlı Qüvvələri
tərəfindən hərbi cinayətlərin törədilməsi barədə bəzi iddiaların
əks olunduğu məktubla bağlı narazılıq diqqətə çatdırılıb.

Görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən hələ birinci
Qarabağ müharibəsindən etibarən nəinki azərbaycanlı hərbçilərə,
mülki şəxslərə qarşı misli görünməmiş qırğınlar törədildiyi, yalnız
bir gecədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində 613
mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirildiyi, bu günədək 4000-ə
yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat verilmədiyi
diqqətə çatdırılıb. Ermənistan tərəfindən 2020-ci ilin oktyabrında
Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini
raket hücumuna tutularaq insanlıq əleyhinə cinayətlər törədildiyi
bildirilib.

Ermənistanın səbəbkarı olduğu mina təhlükəsinin keçmişdə olduğu
kimi bu gün də bölgədə insanların həyatına ciddi hədə olmaqda davam
etdiyi, 2020-ci il Vətən müharibəsinin başa çatmasından bu günədək
əksəriyyəti mülki şəxs olmaqla 268-dək vətəndaşımızın mina qurbanı
olduğu qeyd olunub. Azərbaycan ərazilərində aşkarlanan minaların
2021-ci ildə Ermənistanda istehsal olunması faktının isə
Ermənistanın yeni minalar basdırmaqla azərbaycanlılara qarşı hərbi
cinayətlərini davam etdirdiyinin bariz nümunəsi olduğu diqqətə
çatdırılıb.

Ermənistan hökumətinin törədilən hərbi cinayətlərin qarşısının
alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin
məsuliyyətə cəlb edilməsi istiqamətində bugünədək heç bir əməli
tədbirlər görmədiyi vurğulanıb. Ermənistan silahlı qüvvələri
tərəfindən törədilmiş cinayətlərə ədalətli beynəlxalq qiymətin
verilməsinin və bu istiqamətdə Ermənistana təzyiq göstərilməsinin
zəruriliyi qeyd olunub.

Ermənistandan fərqli olaraq Azərbaycanın öz beynəlxalq
öhdəliklərinə ciddi yanaşdığı və hərbi əməliyyatlar zamanı
törədilən cinayətlərlə bağlı iddiaların müvafiq dövlət qurumları
tərəfindən araşdırıldığı qeyd olunub. 17 sentyabr 2022-ci ildə
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun sosial şəbəkələrdə
yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı
görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi
qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən
edilməsi üçün hərtərəfli araşdırmalara başlanıldığını bəyan etdiyi
diqqətə çatdırılıb.

Niderland səfiri Azərbaycan tərəfinin müraciətini aidiyyəti üzrə
çatdıracağını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir