Prezident İlham Əliyev: Afrika ölkələri ilə Azərbaycanın münasibətləri daha dinamik olub

Bakı. Trend:

Afrika ölkələri ilə Azərbaycanın münasibətləri daha dinamik
olub.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də
“Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat”
mövzusunda beynəlxalq konfransda deyib.

Dövlətimizin başçısı bildirib: “Biz Afrika qitəsinin ölkələri
ilə fəal işləyirik. İsraildə səfirlik və Fələstində nümayəndəlik,
habelə Albaniyada səfirlik açılması ilə yanaşı, Keniyada səfirliyin
təsis edilməsi barədə qərar qəbul edilib. Azərbaycanı Afrika
İttifaqında təmsil edən səfir, eyni zamanda, ölkəmizin Efiopiyadakı
səfiri funksiyalarını da yerinə yetirir. 2019-cu ildə Azərbaycan
Qoşulmama Hərəkatının sədri olandan sonra Afrika ölkələri ilə
Azərbaycanın münasibətləri daha dinamik olub. Azərbaycanda
keçirilən Zirvə Görüşündə mən dedim ki, biz ədaləti, təşkilatın
üzvü olan ölkələrin milli maraqlarını və beynəlxalq hüququ müdafiə
edəcəyik. Təşkilatın üzvləri olan 120 ölkənin, o cümlədən Afrika
ölkələrinin bizim sədrliyimizin 2023-cü ilə qədər uzadılması barədə
yekdil qərarı onların Azərbaycana dəstəyini və hörmətini əks
etdirir”.

Prezident İlham Əliyev xatırladıb ki, pandemiya dövründə
Azərbaycan 80-dən çox ölkəyə kömək göstərib, onların əksəriyyəti
Afrika dövlətləri idi. “Onlar başa düşürlər ki, Azərbaycan onların
dostudur. Gələn il yazda biz Azərbaycanda Qoşulmama Hərəkatının
növbəti Zirvə Görüşünü keçirməyi planlaşdırırıq. Bu baxımdan, bizim
böyük potensialımız var”, – deyə dövlətimizin başçısı qeyd
edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir