Prezident İlham Əliyev: Azərbaycan bütün beynəlxalq forumlarda ölkələrin ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edib

Bakı. Trend:

Azərbaycan həmişə bütün ölkələrin ərazi bütövlüyünün tərəfdarı
kimi çıxış edib və bu mövqeyə sadiq qalır.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın
25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca:
geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq
konfransda Rusiya-Ukrayna münaqişəsi barədə suala cavab verərkən
bildirib.

Dövlətimizin başçısı deyib: “Fikrimcə, nə baş verəcəyini heç kim
bilmir. Biz bu məsələyə qoşulmamışıq və informasiyanı açıq
mənbələrdən alırıq. Lakin görürük ki, bu münaqişə ilə bağlı
beynəlxalq hadisələrin proqnozlaşdırılması əsla mümkün deyil. Ən
vacib sual bunun nə vaxt və necə başa çatacağıdır. Dünyada çox şey
bundan asılı olacaq. Ona görə də vəziyyətin necə inkişaf edəcəyi
barədə şərhlərlə çıxış etmək mənim tərəfimdən, necə deyərlər, çox
məsuliyyətsiz hərəkət olardı. Bu, bir sıra amillərdən, Rusiya
hökumətinin siyasətindən, Ukrayna hökumətinin siyasətindən və
Ukrayna ordusunu dəstəkləyən Qərbdəki müttəfiqlərin siyasətindən
asılıdır”.

Sözlərinə davam edən Azərbaycan Prezidenti deyib: “Bunu başa
düşmək lazımdır ki, müharibə başa çatmalıdır. Fikrimcə, bu, birinci
dərəcəli məsələdir. Əlbəttə, Azərbaycan bütün beynəlxalq forumlarda
bütün ölkələrin ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edib və biz
bu mövqeyə sadiq qalırıq. Biz ərazi bütövlüyünün pozulmasından
zərər çəkmişik. Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental
prinsipidir. Digər tərəfdən, müxtəlif ölkələrin ərazi bütövlüyünə
fərqli yanaşma mövcuddur”.

İşğal dövründə Azərbaycanın postsovet məkanında münaqişələrə
yanaşmaların fərqli olmasına görə həmişə məyus olduğunu deyən
dövlətimizin başçısı vurğulayıb: “Ukraynaya qədər Gürcüstanda,
Moldovada münaqişələrdən söhbət gedəndə həmin ölkələrin ərazi
bütövlüyünü aşkar şəkildə dəstəkləyirdilər. Azərbaycanla bağlı
halda biz vasitəçilərdən heç vaxt belə açıq yanaşma və ya bəyanat
eşitmədik. Bizə, sadəcə, deyirdilər: “Siz razılığa gəlməlisiniz”.
Amma biz soruşanda ki, “BMT Təhlükəsizlik Şurasının qətnamələri
necə olsun?”, cavabında susurdular. “Helsinki Yekun Aktı necə
olsun?”, cavabında susurdular. Onda biz dedik: “Yaxşı! Bu
reallıqdır və biz bu reallığı dəyişəcəyik”. Biz bu reallığı
dəyişməyə hazırlaşmağa başladıq. Məsələ belə olub”.

Dövlətimizin başçısı vəziyyəti beynəlxalq hüquq deyil, BMT
deyil, Ermənistanın konstruktiv yanaşması deyil, bizim ordunun,
bizim xalqın, bizim siyasi iradəmizin dəyişdiyini vurğulayaraq
deyib: “Beləliklə, reallıq dəyişdirilməli idi. Bunu etməyə gücün
varmı? Gücün varsa, bunu edirsən, yoxdursa, güc toplayırsan. Əgər
sakit həyat istəyirsənsə, bu gerçəkliklə razılaşırsan. Biz başqa
yol seçdik. Məndən soruşurdular ki, yuxusuz gecələrim olubmu? Bəli,
işğal dövründə qəzəb hissinə görə çox yuxusuz gecələrim olub. Ona
görə yox ki, nə isə baş verə bilər, bəzən onu başa düşdüyümə görə
ki, bu ədalətsizlik dünyanın necə idarə edilməsinin nəticəsidir.
Biz yalnız müharibədə qalib gələndən sonra məndə ədalətə inam hissi
əmələ gəldi. Mən ədalətə yenidən inanmağa başladım. Buna görə də
sonda nə olacağını yenə bilmirəm. Bizimlə nə etdikləri aydındır.
Bizim ərazi bütövlüyünün bərpasına yanaşmamız da məlumdur. Yəni,
güclü olmaq lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir