Prezident İlham Əliyev: Azərbaycan xalqı Pakistanın siyasi və mənəvi dəstəyini yüksək qiymətləndirir

Bakı. Trend:

Son iki ayda mən Pakistanın Baş naziri Şahbaz Şəriflə iki dəfə
görüşmüşəm və biz ikitərəfli münasibətlərimizin gündəliyini,
dostluq və qardaşlıq gündəliyini geniş müzakirə etmişik. Biz
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması
məsələsində daimi dəstəyə görə Pakistana minnətdarıq. İstər işğal
dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad
edilməsindən sonra Pakistan hər zaman bizim yanımızda olub. Bu
siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək
qiymətləndirilir.

Trend-in məlumatına görə, bu
fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində
keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və
iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı
çıxışında deyib.

Pakistanın Baş naziri ilə ticari-iqtisadi əlaqələrin
canlandırılmasını da müzakirə etdiklərini vurğulayan dövlətimizin
başçısı bildirib: “Biz bir-birimizi hansı məhsullarla təmin edə
biləcəyimizi müzakirə etdik. Biz qardaş ölkədən keyfiyyətli düyü
ala biləcəyimiz təqdirdə nə üçün onu başqalarından almalıyıq?”

Asiya regionunun digər liderləri ilə təmaslara da toxunan
Prezident İlham Əliyev deyib: “Mən dəfələrlə Mərkəzi Asiya
ölkələrinə səfər etmişəm. Cari ilin aprel ayından bu günədək
Özbəkistana üç dəfə səfər etmişəm. Bu səfərlər həm rəsmi, həm də
beynəlxalq tədbirlərdə iştirakla bağlı olub. Mən Qırğızıstanda
dövlət səfərində oldum. Cari ilin avqustunda Qazaxıstan Prezidenti
Azərbaycana səfər edib. Bundan öncə mənim Türkmənistana səfərim
olub. Gələn il Tacikistana səfərim olacaq. Tacikistan Prezidenti
məni dəvət edib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir