Prezident İlham Əliyevin Serbiyaya səfəri ölkələr arasında ikitərəfli münasibətlərdə tarixi məqamdır – Səfir (Özəl müsahibə)

Bakı. Trend:

Prezident İlham Əliyevin 11 ildən sonra Serbiyaya rəsmi səfəri
ikitərəfli münasibətlərimizdə tarixi məqamdır və bir sıra sahələrdə
mövcud əməkdaşlığımıza yeni təkan verəcək.

Bunu cümə günü Trend-ə özəl müsahibəsində Serbiyanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavleviç deyib.

“Bildiyiniz kimi, 2013-cü ildən etibarən iki ölkə arasında
münasibətlər strateji tərəfdaşlıq çərçivəsində, tam anlaşma və
qarşılıqlı maraqlarımıza hörmət şəraitində inkişaf edir. Bu səfər
zamanı biz yeddi yeni ikitərəfli sənədlə bu tərəfdaşlığın hüquqi
əsasını daha da genişləndirdik, həmçinin iki dövlət başçısının
həmsədrliyi ilə Strateji Tərəfdaşlıq Şurası formasında
əməkdaşlığımızın daha praktiki aspektlərinin əsasını qoyduq”, –
deyə o bildirib.

Səfir qeyd edib ki, səfər zamanı siyasi əməkdaşlıq, beynəlxalq
arenada qarşılıqlı dəstək, enerji, kənd təsərrüfatı kimi qarşılıqlı
maraq doğuran ən mühüm məsələlərin yüksək səviyyədə müzakirəsi
mümkün olub.

“Nəhayət, Serbiya prezidentinin dekabrda Bakıya işgüzar səfərini
artıq elan etməsi Prezident İlham Əliyevin Belqrad səfərinin bariz
nəticəsidir”, – D. Vladisavleviç deyib.

İqtisadi əməkdaşlığın perspektiv
istiqamətləri

Səfirin dediyi kimi, Serbiya ilə Azərbaycan arasında
əməkdaşlığın inkişafı üçün iqtisadiyyatın müxtəlif sahələrində
istifadə olunmamış böyük potensial var.

“İlk növbədə, əlbəttə ki, Serbiyanın enerji təhlükəsizliyini
təmin etmək və təmiz enerjiyə keçid prosesini davam etdirmək istəyi
kontekstində enerji sektorunu qeyd etmək lazımdır. Bu məqsədlə biz
artıq Azərbaycan qazının və elektrik enerjisinin alınması ilə bağlı
konkret danışıqlara başlamışıq və hazırda bu danışıqlar
sürətlənir”, – deyə o əlavə edib.

D.Vladisavleviç qeyd edib ki, kənd təsərrüfatı, xüsusən də
Serbiyanın bəzi kənd təsərrüfatı məhsullarının Azərbaycana ixracı
baxımından əməkdaşlıq üçün çoxlu imkanlar təklif edən digər
sahədir.

“Tikinti sahəsinə gəldikdə, Azərbaycanın “AzVirt” şirkətinin
Serbiyada tikinti layihələrində son dərəcə uğurlu iştirakını nəzərə
alsaq, əməkdaşlığımız artıq çox yüksək səviyyədədir. Eyni zamanda,
işğaldan azad edilmiş Azərbaycan torpaqlarının yenidən qurulması və
dirçəldilməsi prosesində Serbiya şirkətləri üçün müxtəlif sahələrdə
– tikinti, smart texnologiyalar, İKT və s. layihələrdə iştirak
etmək imkanları açılır. Əgər fürsət yaranarsa, Serbiya şirkətləri
gözləntiləri qarşılamaq üçün hər cür səy göstərəcək. Təbii ki, bu
günlərdə digər çox aktual mövzu kimi beynəlxalq daşımaları da
unutmaq olmaz. Regional nəqliyyat qovşağı kimi Azərbaycan bu sahədə
böyük potensiala malikdir və Serbiya Şərqi Asiya bazarlarına ən
qısa marşrutun bir hissəsi kimi bu nəqliyyat infrastrukturundan
istifadə etməkdə çox maraqlıdır”, – o vurğulayıb.

O qeyd edib ki, turizm də əməkdaşlığın çox perspektivli, lakin
az öyrənilmiş sahələrindən biridir.

“Ölkələrimiz turizm sahəsində birgə fəaliyyət üçün möhkəm hüquqi
bazaya və vizasız rejim baxımından mühüm ilkin şərtə malikdir.
Bununla belə, hər iki ölkə gənc əhaliyə xüsusi diqqət yetirməklə,
öz turizm potensialını qarşı tərəfin vətəndaşları arasında təbliğ
etmək üçün əlavə səylər göstərməlidir”, – D.Vladisavleviç
bildirib.

O, təəssüflə bildirib ki, iki ölkə arasında ticarət
dövriyyəsinin mövcud həcmi ölkələrin lazımi hüquqi bazaya,
potensiala və ən əsası aydın liderlik dəstəyinə malik olmasına
baxmayaraq siyasi və mədəni əlaqələrin yüksək səviyyəsini əks
etdirmir.

“Bu, hər iki tərəfi təkcə qaz, elektrik enerjisi və ya kənd
təsərrüfatı məhsulları ticarəti baxımından deyil, həm də
Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası
Komissiyamızın fəal işini təmin etmək, ölkələrimiz arasında
əməkdaşlığı inkişaf etdirmək, azad iqtisadi zonaların yaradılması
və biznes forumlarının daha tez-tez keçirilməsi və ölkələrimizin
özəl sektorunun nümayəndələri arasında birbaşa təmasların olması
məqsədilə bu potensialı açmaq üçün daha çox işləməyə vadar edir.
Əminəm ki, möhkəm dostluğumuz və mükəmməl siyasi əlaqələrimizlə
dəstəklənən birgə səylərimiz tezliklə yaxşı nəticələr verəcək”, – o
əlavə edib.

Serbiyanın Cənub Qaz Dəhlizinə qoşulması

D.Vladisavleviç qeyd edib ki, Cənub Qaz Dəhlizinin Avropanın
enerji təhlükəsizliyi üçün əhəmiyyəti geniş şəkildə qəbul edilir və
hazırkı qlobal enerji böhranı fonunda sürətlə artır:

“Regional əlaqə təminatı siyasəti çərçivəsində Serbiya 2022-ci
il fevralın 1-də Bolqarıstan ilə qaz interkonnektorunun tikintisinə
başlayıb. 2023-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulan
boru kəməri ölkəmizə Bolqarıstan və Yunanıstan vasitəsilə Cənub Qaz
Dəhlizinə qoşulmağa imkan verəcək və çox ehtiyac olduğu enerji
təchizatçılarının diversifikasiyasını və Serbiya üçün enerji
təhlükəsizliyini təmin edəcək. Bu səbəbdən də ölkələrimiz yaxın
illərdə Azərbaycan qazının potensial alınması ilə bağlı fəal
müzakirələrə cəlb olunur”.

“Təmiz” enerji sahəsində perspektivlər

Diplomatın qeyd edib ki, Serbiyanın enerji keçidi prosesində
olmasına baxmayaraq, lazımi infrastrukturun olmaması səbəbindən
ölkədə “təmiz” enerji və bərpa olunan enerji mənbələrindən geniş
istifadə olunmur:

“Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində böyük
potensiala malikdir və onlardan istifadə üçün, xüsusilə də “yaşıl”
elektrik enerjisinin istehsalı və ixracı üçün zəruri
infrastrukturun yaradılması üzərində fəal işləyir. Məhz burada biz
əməkdaşlıq imkanını görürük. Prezident Vuçiçin Prezident İlham
Əliyevlə görüşündə bildirdiyi kimi, Serbiya gələcəkdə Azərbaycan
mənbələrindən elektrik enerjisinə çıxış əldə etmək üçün
Azərbaycan-Gürcüstan-Rumıniya Qara dəniz sualtı kabel xəttinə
qoşulmaqda, Rumıniya və Macarıstanın enerji sistemlərinə qoşulmaqda
maraqlıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir