“Qəzetlərin dili monitorinq aynasında” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Qəzetlərin
dili monitorinq aynasında” adlı tədbir keçirilib.

Trend xəbər verir ki, 7 qəzetdə aparılmış monitorinqin
nəticələrinin ictimaiyyətə açıqlanması məqsədilə keçirilən tədbirdə
Monitorinq Mərkəzinin Müşahidə Şurasının sədri akademik Möhsün
Nağısoylu, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru
professor Nadir Məmmədli, İnstitutun şöbə müdiri dosent Kifayət
İmanquliyeva, aparıcı elmi işçisi Sevinc Məmmədova, həmçinin dilçi
alimlər, qəzet redaktorları və media nümayəndələri iştirak
ediblər.

Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva
bildirib ki, cəmiyyətdə baş verənləri gecikdirmədən, operativ
şəkildə ictimaiyyətə çatdıran qəzetlər əksər halda yeni yaranan
anlayışlarla bağlı söz və ifadələrin də mənbəyi kimi çıxış
edir:

“Məhz bu baxımdan müxtəlif insanların tribunası olaraq fərqli
mövqe və maraqları əks etdirmək missiyasını üzərinə götürən
qəzetlər dilin daşıyıcısı kimi ədəbi dil normalarını da mütləq
şəkildə qorumalıdır”.

O qeyd edib ki, gündəlik çap mediası olan qəzetlərdə doğma
dilimizin tətbiq səviyyəsinin müəyyən edilməsi məqsədilə aparılmış
monitorinqin nəticələri “Qəzetlərin dili monitorinq aynasında” adlı
hesabatda öz əksini tapıb.

Aşkar edilən faktların əyani şəkildə təqdimatı ilə davam edən
müzakirədə qonaqlar mətbuatda gedən proseslərlə bağlı fikir və
qənaətlərini bölüşüblər. Müzakirədə bildirilib ki, kütləvi
informasiya vasitələrinin dili Azərbaycan dilinin mövcud praktik
vəziyyətini və inkişaf sürətini müəyyənləşdirir.

Bu baxımdan digər sahələrdə olduğu kimi mətbuatda da ədəbi dilin
qorunması və müvafiq normalara riayət olunması işində ciddi
nəzarətə ehtiyac duyulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir