Şuşada beynəlxalq blogerlər üçün master klass keçirildi (FOTO)

Bakı. Trend:

Xəbər verildiyi kimi, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu
Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi)
təşəbbüsü ilə həyata keçirilən “Show Me Azerbaijan” (Mənə
Azərbaycanı göstər)
layihəsi çərçivəsində ABŞ, Fransa,
İspaniya, İndoneziya, Qazaxıstan, Türkiyə, Misir və ümumilikdə sayı
10-dan çox ölkəni təmsil edən bloger Şuşa şəhərinə səfər edib.

Mərkəzdən bu gün Trend-ə bildirilib ki, qonaqları qarşılayan
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin aparıcı mütəxəssisi İsmayıl
İsmayılov onlara şəhərin tarixi və mədəni abidələri haqqında, eləcə
də şəhərin erməni işğalından azad edilməsində Azərbaycan
əsgərlərinin göstərdiyi qəhrəmanlıq haqqında məlumat verib. Daha
sonra blogerlər şəhərin güllələnmiş abidələrini, Natəvanın evini,
Şuşa qalasını, Vaqifin məqbərəsini, şəhərin tanınmış bəylərinin
evlərini ziyarət ediblər, eləcə də Cıdır düzündə olublar. Xarici
blogerlər öz yutub kanallarında Şuşa təəssüratları ilə bağlı bir
sıra paylaşımlar ediblər.

D.Bernard eləcə də öz yutub abunəçiləri üçün Şuşadan
videopaylaşım edərək, işğal dövründə dağıdılmış evlərlə bağlı
təəssüfünü qeyd edib, bu evlərin tezliklə bərpa olunacağına
inandığını bildirib. Misirli bloger Əmr Əl-Agizi Şuşada və Füzulidə
son müharibənin nəticəsi olaraq evlərin dağıdıldığını, Füzulinin
“ruhlar şəhərinə” çevrildiyini bildirib. Indoneziyalı bloger Diska
Reşa Putra, qazax Asel Axmetova öz paylaşımlarında diqqəti
minalanmış ərazilərə yönəldiblər. İspaniyadan olan bloger Marina
Qomez isə Şuşanı “Azərbaycanın böyük musiqiçilər və şairlər şəhəri”
adlandıraraq bu şəhərin təbiətinə heyran olduğunu bildirib.

Şuşa səfəri çərçivəsində proqramın ikinci hissəsi olaraq məşhur
amerikalı bloger Duqlas Bernardın master klas təlimləri keçirilib.
O, müasir dünyada blogerlik sənətinin əhəmiyyətindən, illər ərzində
əldə etdiyi təcrübə haqqında danışıb, eləcə də “Show Me
Azerbaijan”
proqramı haqqında təqdimat edərək, onun
Azərbaycan və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında oynadığı roldan, son zamanlar proqrama olan marağın
artmasından bəhs edib. İƏGF Avrasiya Regional Mərkəzinin əməkdaşı
Aydan Bağırlı təmsil etdiyi qurum haqda blogerlər qarşısında
təqdimatla çıxış edib. Mərkəz təsis olunandan bəri həyata keçirilən
beynəlxalq layihələr barədə, xüsusilə, müsəlman gənclərin
həmrəyliyi istiqatmətində görülən işlər haqqında məlumat verib.

Layihənin əsas məqsədi Azərbaycan Respublikası prezidentinin bu
ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar bu şəhərə ediləcək səfər
çərçivəsində (Show Me Azerbaijan – Beynəlxalq blogerlərin Şuşa
düşərgəsi) xarici blogerləri Qarabağın təbiəti, mədəni abidələri və
tarixi yerləri, xüsusilə, Şuşanın Azərbaycana aid olmasını sübut
edən mədəni irsi, o cümlədən, erməni işğalının nəticəsi kimi
yaşayış məntəqələrinin və mədəni abidələrin vandalizmə məruz
qalması, eyni zamanda bu şəhər işğaldan azad edildikdən sonra
həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış etmək,
sonda onların səfər təəssüratlarını dünyaya yaymaqdır.

Qeyd etmək lazımdır ki, İƏGF Avrasiya Regional Mərkəzinin
təşəbbüsü ilə keçən il ərzində analoji tədbirlər uğurla həyata
keçirilib. Belə ki, “Show Me Azerbaijan” layihəsi
çərçivəsində 8 ölkədən 13 bloger, o cümlədən, ABŞ və Əlcəzairdən
olan 3 tanınmış videobloger işğaldan azad edilmiş ərazilərə səfər
edərək, erməni işğalı nəticəsində dağıdılmış yaşayış məskənləri,
tarixi abidələr haqda hazırladıqları videoreportajları yutub
kanallarında yayımlamışlar. Bu reportajlara yeddi milyondan çox
insan baxmışdır. Bu ilin sonuna qədər Qarabağla bağlı blogerlərin
çəkdiyi videoreportajların və onlara baxış sayının artırılması
layihənin əsas məqsədlərindən biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir