Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin geri qaytarılması üçün portal istifadəyə verilib

Bakı. Trend:

Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə
ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üzrə portal
istifadəyə verilib.

Bu barədə Trend-ə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may
2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar
tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi
fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış
yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər
vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib.

Fərmanın icrası ilə bağlı fiziki şəxs olan istehlakçılar
tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi
fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış
yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər
vergisinin bir hissəsinin qaytarılması ilə bağlı MTK tərəfindən
e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin
edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yaradılıb
(https://new.e-taxes.gov.az/eportal/az/login/)
və 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilib.

Belə ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər bu
portala daxil olaraq alıcı fiziki şəxsə qaydaların tələblərinə
uyğun e-qaimə faktura tərtib edir, alıcı isə öz növbəsində aldığı
e-qaimə fakturanın məlumatlarının doğruluğunu yoxlayaraq təsdiq
edir. Bundan sonra, alıcı şəxsi kabinetində yerləşən keçid
vasitəsilə qaydaların tələblərinə uyğun şəkildə ödənişləri həyata
keçirmək üçün Hökumət Ödəniş Portalının “Kommunal” ödənişlər
bölməsinin “Yaşayış və qeyri-yaşayış sahələrinin alışı üzrə
ödənişlər” altbölməsinə daxil olur (Alıcının fərdi qaydada banka
yaxınlaşaraq ödənişi həyata keçirmək imkanı mövcuddur). Burada FİN
və qaimənin nömrəsi barədə məlumatlar daxil edilməklə ödənişlər
həyata keçirilir. Ödənişlər tam etdikdən sonra alıcının elektron
kabinetində müvafiq ərizə forması doldurulur və təsdiqedici
sənədlər əlavə olunaraq portal vasitəsilə ƏDV-nin geri qaytarılması
ilə bağlı müraciət edilir.

Müraciət avtomatik olaraq vergi orqanına daxil olur və müvafiq
risk qiymətləndirilməsi aparılır. Risk qiymətləndirilməsinin
nəticələri üzrə ƏDV-nin bir hissəsinin geri qaytarılmasından imtina
edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul olunur və 2
iş günü müddətində alıcının elektron kabinetə göndərilir. Alıcı
ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və
məhkəməyə şikayət verə bilər.

Yaşayış və qeyri-yaşayış sahələrinin çıxarışı olduğu halda
fiziki şəxslərlə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər
arasında alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilir. Bu
zaman vəsaitin daşınmaz əmlaka sərəncam müqavilələrinin
mötəbərliyini və hüquqi baxımdan icrasının tamlığını təmin etmək
məqsədilə tərəflərin biri-birinə ödəməli olduqları pul məbləğləri
notariusun bankda açdığı depozit hesabı vasitəsilə köçürülür.
Alqı-satqı müqaviləsi notarial qaydada təsdiqləndikdə, alıcı
müvafiq e-qaimə fakturanı notariusa təqdim etməli və notariusdan
ödənişin, müvafiq qaydada, əsas məbləğini satıcının bank hesabına,
ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürülməsini tələb
etməlidir.

Vətəndaşlar müraciət zamanı ödəniş formasına qoyulan tələblərlə
yanaşı, aşağıdakı məqamlara da diqqət yetirməlidirlər:

Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya
nağdsız qaydada tam şəkildə ödədikdən sonra, 90 gündən gec
olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan
keçərək elektron kabinet yaratmalı və müvafiq sənədlər əlavə
etməklə elektron kabinet vasitəsilə müraciətini portala
göndərməlidir;

Alıcı eyni binadan 1, yaxud bir neçə yaşayış və (və ya)
qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin bir hissəsinin qaytarılması
mexanizmi alınmış sahələrin hər biri üzrə 500 kvadratmetrdən çox
olmayan hissəyə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir;

ƏDV bir hissəsi alınmış yaşayış və qeyri-yaşayış sahələrinin
dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda
qaytarılır;

Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank
əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla
alıcıya 30 iş günü müddətində müvəkkil bank vasitəsilə
qaytarılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir