Aİ-nin uğursuz missiyası – Bölgədə vəziyət necə dəyişəcək?

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinə növbəti
missiyanın göndərilməsi barədə razılıq verib.

Qərarda missiyanın məqsədinin Ermənistanın sərhəd rayonlarında
stabilliyə nail olmaq, yerli səviyyədə əməkdaşlığı yoluna qoymaq və
Aİ-nin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin
normallaşdırılması istiqamətində səyləri dəstəkləyən şəraitin təmin
olunmasından ibarət olduğu deyilir.

Missiyanın ilkin mandatı iki illik nəzərdə tutulacaq, operativ
qərargahı isə Ermənistanda yerləşəcək.

Xatırladaq ki, 2022-ci il 17 oktyabr tarixində Aİ xarici işlər
nazirlərinin Şurası öz iclasında Azərbaycanla sərhədin Ermənistan
tərəfinə Cənubi Qafqaz regionundakı vəziyyətin monitorinqi, təhlili
və hesabat təqdim olunması üçün təqribən 40 nəfər ekspert
müşahidəçi göndərmək barədə qərar qəbul etmişdi. 2022-ci il 19
dekabr tarixində Ermənistandakı Aİ missiyasının monitorinqinin
mandatı bitmişdi.

Bu missiya ilə bağlı məsələlər Azərbaycan tərəfi ilə
razılaşdırılmalı idi, lakin Aİ bunu etmək istəmədi və fərdi qaydada
missiyanı göndərmək qərarını verib.

Bəs belə olan halda Aİ-nin missiyası bölgədə vəziyyətə necə
təsir edə bilər?

Məsələni şərh edən rusiyalı ekspert, “Nasionalnaya oborona”
jurnalının baş redaktoru İqor Korotçenko bildirib
ki, Avropa İttifaqının (Aİ) missiyası qanuni deyil və hüquqi nəticə
verməyəcək. Qərarlar asanlıqla qəbul edilmir və dünyadakı mövcud
geosiyasi vəziyyətlə diktə olunur.

“Cənubi Qafqaz birincisi neft-qaz kimi resurslar baxımından,
ikincisi isə logistika, o cümlədən nəqliyyat logistikası baxımından
son dərəcə vacib regiondur. Fransanın isə bu regiona həmişə marağı
olub. Təbii ki, bunu Fransa və Ermənistanın mövcud siyasi elitaları
arasındakı son dərəcə sıx münasibətlərlə əlaqələndirmək lazımdır.
Missiyanın özünə gəlincə, o qanuni deyil və hüquqi nəticə
verməyəcək, ona görə ki, hələ də İrəvanın ucbatından Azərbaycanla
Ermənistan arasında dövlət sərhədinin demilitasiyası və
demarkasiyası aparılmayıb. Bu səbəbdən Ermənistanın dövlət
sərhədləri olmadığından, o, sərhədləri qeyri-müəyyən olan ölkədir.
Buna görə də, indiki halda Ermənistan bu missiyanı dəvət etməklə
tərkibini və müvəqqəti formatını genişləndirərək əlində Azərbaycana
qarşı təzyiq vasitəsi saxlamağı nəzərdə tutur və bu vasitəni
manipulyasiya etməklə, həmçinin Fransa və Aİ ilə tərəfdaşlıq
etməklə özü üçün əlverişli siyasi, iqtisadi və hərbi mövqe
qazanmağa çalışır”,- siyasi analitik qeyd edib.

Fransız jurnalist, Trend İnformasiya Agentliyinin Fransada təsis
etdiyi “Lagazetteaz.fr” qəzetinin baş icraçı direktoru
Jan-Mişel Brən isə qeyd edib ki, birinci
missiyanın sonunadək Azərbaycan Avropa İttifaqı ilə sülh
danışıqlarını davam etdirdi. Bununla belə, xüsusilə, Ermənistanın
tərəfini açıq-aşkar tutan, beləliklə də Minsk qrupu nəzdində arbitr
rolundan imtina edən Fransanın təzyiqi ilə Avropa İttifaqı
münaqişənin həllində öz neytrallığını açıq şəkildə nümayiş
etdirmədi.

“Avropa missiyasının göndərilməsi xəbəri elan olunduğu həmin gün
Fransa prezidenti Fransadakı Erməni Təşkilatları Koordinasiya
Şuralarının Milli Qərərgahının həmsədrləri Murad Papazyan və Ara
Toranyanı Yelisey sarayında qəbul edib. Hazırda “Les nouvelles
d’Arménie” saytının direktoru olan Ara Toranyan Fransada bir çox
hücumların, xüsusən də 1983-cü ildə Orli hava limanında törədilmiş
sui-qəsdin təşkilatçısı olmuş ASALA təşkilatının tərəfdarı olan MNA
hərəkatının 80-ci illərdə sözçüsü idi. Fransada millətçi Daşnak
partiyasının liderlərindən biri olan Papaziana gəlincə isə o, hətta
Ermənistanda təhlükəli fəal kimi qiymətləndirilir və Ermənistana
girişinə qadağa qoyulub”,- deyə Brən yekun olaraq vurğulayıb.

Azərbaycanın Fransadakı səfiri Leyla
Abdullayeva
isə əlavə edib ki, “Avropa İttifaqının (Aİ)
Ermənistana missiya göndərməsi bu ölkənin öhdəliklərini yerinə
yetirməkdən yayınması üçün bəhanə olmamalıdır.

“Missiya sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla,
Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmaq üçün
istifadə edilməməlidir”, – deyə o əlavə edib.

Nəticə etibarilə Aİ-nin Ermənistanda monitorinq missiyasının
mövcudluğu Ermənistanda normallaşma prosesini pozmaq cəhdlərinin
artması, o cümlədən Azərbaycan, Ermənistan və Aİ Şurası
liderlərinin üçtərəfli görüşündə əldə olunmuş irəliləyişə ciddi
zərər vurmuş oldu. Beləliklə, Aİ missiyasının normallaşma
gündəliyinin irəli aparılmasına töhfə verəcəyi ilə bağlı ilkin
gözləntilər sarsıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir