
Azərbaycanda ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payı artıb
Bakı. Trend:
2021-ci illə müqayisədə ötən il ÜDM-in tərkibində qeyri-neft-qaz
sektoru üzrə bir sıra sahələrdə əhəmiyyətli artım qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl
Cabbarov “Twitter” səhifəsində bildirib.
Nazir bildirib ki, bu dinamika turistlərin yerləşdirilməsi və
ictimai iaşədə 58,2%, nəqliyyat və anbar təsərrüfatında 23,2%,
informasiya və rabitədə 14,8%, tikintidə isə 13,4% təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda ÜDM 2021-ci ilə nisbətən
4,6% artaraq 133 mlrd. 825,8 mln. manat, qeyri-neft-qaz sektorunda
isə 9,1% artaraq 69 mlrd. 826 mln. manat təşkil edib.
Dünya Bankının 2023-cü il üçün “Qlobal İqtisadi Perspektivlər”
hesabatına əsasən Azərbaycan üzrə verilən proqnozlarda real ÜDM-nin
artım tempi müsbət olaraq qalır. 2023-cü ildə Azərbaycan
iqtisadiyyatında artım dünya ilə müqayisədə 1.1%, ECA regionu ilə
müqayisədə isə 2.7% daha yüksək olacaqdır.