
“Bank VTB (Azərbaycan)”ın xalis mənfəəti 2.8 dəfə artıb
Bakı. Trend:
“Bank VTB (Azərbaycan)” ASC 2022-ci ilin maliyyə göstəricilərini
açıqlayıb.
Hesabata əsasən, 31 dekabr 2022-ci il tarixinə bankın əməliyyat
gəlirləri 39.2 milyon manat, o cümlədən faiz gəlirləri – 24.9
milyon manat, qeyri-faiz gəlirləri – 14.3 milyon manat təşkil edib.
2021-ci ilə müqayisədə bankın faiz gəlirləri 40.9%, qeyri-faiz
gəlirləri isə demək olar ki 2 dəfə artıb.
Bank hesabat dövrünü 11.9 milyon manat xalis mənfəətlə bitirib
ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 2.8 dəfə
çoxdur.
Dekabrın sonuna bankın kredit portfeli 159.7 milyon manat, o
cümlədən ipoteka kreditləri üzrə portfel – 39.2 milyon manat təşkil
edib. Bankın ipoteka kreditləri üzrə portfeli il ərzində 28.9%
artıb.
Hesabat dövründə VTB (Azərbaycan) biznesin inkişafına 1.5 mindən
çox kredit verib ki, bu göstərici 2021-ci ildəkindən 10 dəfə
çoxdur. Verilmiş biznes-kreditlərin ümumi məbləği 44.3 milyon
manatdan artıqdır.
Əhalinin banka əmanətləri 2022-ci il ərzində 18.4% artaraq 63.8
milyon manat təşkil edib.
2022-ci ilin sonuna bankın likvidlik əmsalı 98,6% təşkil edib
ki, bu da AMB-nın minimum tələblərindən 3 dəfədən çox
yüksəkdir.
Bankın məcmu kapitalı 2022-ci ildə 16.7% artaraq 80.2 milyon
manata çatıb, bu da Mərkəzi Bankın minimal tələblərindən 60.4%
çoxdur.